Pirallahı rayonunda Ağalar Bayramovun 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir
06 aprel 2024 | 10:43
5 aprel 2024-cü il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının əməkdar artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru, bədii qiraət ustası Ağalar Bayramovla “Səsin sehri” adlı tədbir keçirilmişdir.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
İlk öncə Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov dəyərli sənətkarı anadan olmasının 70 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edərək, ona möhkəm can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzuladı. Natiq onun Azərbaycan mədəniyyətin inkişafındakı xidmətlərindən danışarkən qeyd etmişdir ki, Ağalar Bayramov təkcə səsiylə deyil, bütün qəlbilə, hərarətilə, xarakteri ilə Azərbaycan xalqının sevimlisinə çevrilmişdir. Onun sənət yolu çox zəngin və parlaqdır. Tanınmış qiraətçi mədəniyyətimizi, incəsənətimizi ölkəmizin hüdudlarından çox-çox uzaqlarda Avropa ölkələrində, Kanadada, Gürcüstanda, Qazaxıstanda, Rusiyada, İranda və digər ölkələrdə də layiqincə təmsil etmişdir. Vətən coşqusu ilə alışıb yanan qiraətçinin fəaliyyətinin başlıca məqsədi vətənpərvərlik hisslərinin insanlara çatdırılmasıdır. Harada çıxış etməsindən asılı olmayaraq, qüdrətli Azərbaycanın varlığını, keçdiyi keşməkeşli yolları, qazandığı uğurları, ölkəmizin hərbi qüdrətini, şanlı Zəfərimizi və milli dəyərlərimizi təbliğ edir. Əzəmətli səsi ilə dilimizin gözəlliyini və şirinliyini hər kəsə aşılayan Ağalar Bayramovun ifasında ölməz şairlərimizin şeirləri yeni rəng çalarları qazanır.
Sonra YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov yubilyarı təbrik edərək, ən xoş arzularını çatdırmışdır. Milli şeirimizin, poeziyamızın və ədəbi qiraətin bütün sirlərini öz tələbələri ilə bölüşən Ağalar Bayramov sənəti bundan sonra da bir məktəb olacaqdır. Ağalar Bayramov hər zaman öz torpağına və bayrağına bağlı insan olmuş xalqa, vətənə həsr olunmuş bir-birindən gözəl şerlər səsləndirərək millətimizin sevimli sənətkarı kimi hər zaman qəlblərdə taxt qurmuşdur.
Daha sonra çıxış edən Ağalar Bayramov ona göstərilən isti münasibətə görə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanova və tədbirdə iştirak edən hər kəsə dərin minnətdarlığını bildirdi. Dəyərli sənətkar yeniyetmə və gənclərin tərbiyəsində milli-mənəvi dəyərlərin rolunun böyük olduğunu, bu dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğuladı. Dinləyiciləri qarşısında söylədiyi şeirlər ilə alqışlar qazanan Ağalar Bayramov görüş iştirakçılarının sevimli aktyora ünvanladığı çoxsaylı sualları da cavablandırdı.
“4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin yetirmələrinin hazırladıqları bir-birindən rəngarəng ifa və rəqslər ilə tədbir daha şən əhval-ruhiyyədə davam etdi.
Tədbirin sonunda aktyor rayonun ictimai həyatında fəal iştirakına görə YAP Pirallahı rayon Təşkilatı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyə ilə təltif olundu.