Pirallahı rayonunda Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib
03 iyul 2024 | 15:48
3 iyul 2024-cü il tarixində Pirallahı Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilmişdir. Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, ağsaqqallar, ziyalılar, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Pirallahı Gənclər Mərkəzində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən muzeylə tanış oldular. Daha sonra büstünün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Ulu öndər Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan edildi.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov tədbir iştirakçılarını salamlayaraq, respublikamızın hər yerində olduğu kimi, Pirallahı rayonunda da böyük hörmət və nüfuz sahibi olan ağsaqqalların fəaliyyətindən söz açdı. RİH-nin başçısı ağsaqqalların ölkəmizin mədəni-ictimai həyatındakı əhəmiyyətli fəaliyyətindən danışaraq, ölkədə həyata keçirilən dinamik inkişaf prosesində onların rolunun böyük olduğunu vurğuladı. Vasif İmanov Ümummilli Lider Heydər Əliyevin “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqalların rayonun ictimai-mədəni həyatındakı xidmətlərindən, onların dəyərli məsləhətlərinə, öyüd-nəsihətlərinə hər zaman ehtiyac olunmasından danışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən də Pirallahı rayonunda həyata keçirilən inkişaf prosesindən bəhs edən natiq rayona və sakinlərə göstərdiyi qayğıya görə dövlət başçısına dərin minnətdarlığını ifadə etdi. Qeyd edildi ki, görülən bütün işlərdə, keçirilən tədbirlərdə hər zaman rayon ağsaqqalları fəallıq göstərərək öz töhfələrini verirlər. Ağsaqqalların fəaliyyətini yüksək qiymətləndirən Vasif İmanov hər kəsə möhkəm cansağlığı və işlərində uğurlar arzuladı.
Daha sonra söz Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimova verildi. Natiq hesabat dövründə görülmüş işlər barədə ətraflı məruzə ilə çıxış etdi. Ə.Kərimov bildirdi ki, təşkilat üzvləri aktual mövzularla bağlı bir çox tədbirlərdə, yığıncaqlarda iştirak və çıxışlar ediblər gənclərlə mütəmadi görüşlər keçiriblər, onlarla maarifləndirici işlər aparıblar. Şəhidlərin anım mərasimlərində yaxından iştirak edərək, onların ailələrinə, qazilərə mənəvi dəstək olublar. Həmçinin “Heydər Əliyev İli” çərçivəsində Rayonun icra hakimiyyəti ilə birgə tədbirlər keçiriblər. Ə.Kərimov onu da vurğulayıb ki, hesabat dövründə həm özü, həm də rayon ağsaqqalları tərəfindən kütləvi informasiya vasitələrində müxtəlif aktual mövzularda məqalələri dərc olunub. Natiq vurğulayıb ki, bundan sonra öz fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəklər.
Sonra çıxış edən Rayon Ağsaqqallar Şurasının üzvləri Fazil Məhəmmədov, Şakir Mikayılov, 168 nömrəli tam orta məktəbin müəlliməsi Sevda Alxasova və digər natiqlər rayon ağsaqqallarının fəaliyyətindən bəhs ediblər. Vurğulayıblar ki, ağsaqqallar hər zaman olduğu kimi, bu gün də milli-mənəvi dəyərlərimizin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə öz töhfələrini verirlər. Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək dəyərləndiriblər. Əmin olduqlarını bildiriblər ki, bundan sonra da ağsaqqallar Azərbaycan tərəqqisi naminə öz bilik və təcrübələrini əsirgəməyəcəklər.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdırıb. Bildirib ki, rayonun Ağsaqqallar Şurasının üzvləri öz aktiv fəaliyyətləri ilə hər zaman seçiliblər. Azərbaycan Ağsaqqallar Şurasının gördüyü işlər barədə ətraflı məlumat verən Əhliman Əmiraslanov bildirib ki, hər zaman Ulu Öndər Heydər Əliyevin zəngin irsini cəmiyyətimizdə təbliğ edən Şura öz fəaliyyətini 2023-cü il – “Heydər Əliyev İli”ndə daha intensiv şəkildə həyata keçirib. Əhliman Əmiraslanov, həmçinin, öz nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Zəfərdən, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, vətəndaşlarımızın mərhələ-mərhələ öz ata-baba yurdlarında məskunlaşmalrından söz açıb. Natiq, həmçinin, mövcud problemlərə də toxunub. Hazırda boşanmaların sayının gündən-günə artmasından, erkən və qohumlar arasında olan nikahlardan bəhs edib. Vurğulayıb ki, bu halların qarşısını almaq üçün ağsaqqallar daha aktiv fəaliyyət göstərməlidirlər. Rayon Ağsaqqallar Şurasının həyata keçirdiyi işləri yüksək qiymətləndirən Əhliman Əmiraslanov hər kəsə möhkəm cansağlığı və uğurlar arzulayıb.
Sonda hesabat səsvermə yolu ilə qənaətbəxş hesab olundu və Ağsaqqallar Şurasına gələcək fəaliyyətlərində uğurlar arzulandı.