Pirallahı rayonunda "Aprel döyüşləri"nin 9-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib və şəhid Sarvan Mehralıyevin ailəsi ziyarət olunub
03 aprel 2025 | 14:29
2 aprel 2025-ci il tarixində 186 nömrəli tam orta məktəbdə "Aprel döyüşləri"nin 9-cu ildönümü ilə əlaqədar "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı" adlı tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, "Aprel döyüşləri" şəhidi Sarvan Mehralıyevin qardaşı, Aprel döyüşləri iştirakçısı Namiq Mehralıyev, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etmişdir.
Tədbirdə ilk öncə dövlət himnimiz səsləndirilmiş, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan 186 nömrəli tam orta məktəbin direktoru Elzamin Həsənov Aprel döyüşlərinin strateji əhəmiyyətindən danışaraq bildirmişdir ki, bu döyüşlər qələbəmizin ilk müjdəsi idi. Aprel döyüşləri zamanı ən müqəddəs şəhidlik zirvəsinə ucalanlardan biri də məktəbin 2014-cü il məzunu, fəxrimiz Sarvan Mehralıyev olmuşdur. Şəhidimizin əziz xatirəsinin xalqımızın qəlbində hər zaman yaşayacağını vurğulayan E.Həsənov belə vətənpərvər oğulların qəhrəmanlığından ilham alan minlərlə gənclərimizin şücaəti sayəsində topaqlarımızın düşmən işğalından azad olunduğunu və suverenliyimizin bərpa edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Sonra Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov çıxış edərək bildimişdir ki, 2016-cı il aprel ayının əvvəlində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Bu qəbildən olan tədbirlər gənclərimizə Vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması milli mənəviyyatın formalaşması baxımından əhəmiyyətli rola malikdir. S.Məmmədov vətən uğrunda döyüşən qəhrəman oğullarımızın yazdığı tarixin bundan sonrakı dövrdə bir qəhrəmanlıq salnaməsi kimi gələcək nəsillərə də ötürüləcəyinə əmin olduğunu bildirmişdir.
Daha sonra "Aprel döyüşləri"nin canlı şahidi, şəhid Sarvan Mehralıyevin qardaşı Namiq Mehralıyev qardaşı ilə olan xatirələrindən danışaraq bildirmişdir ki, Sarvan 2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin təxribatının qarşısının alınmasında xüsusi fəallıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Tədbirin təşkil olunmasına görə məktəb kollektivinə və tədbir iştirakçılarına öz minnətdarlığını bildirən N.Mehrəliyev qeyd etmişdir ki, hər bir gənc düşmənlə mübarizədə qəhrəmanlıq göstərmiş vətənpərvər övladları ilə qürur duyur, müasir Azərbaycan gəncliyi yüksək vətənpərvərlik ruhunda tərbiyə alaraq vətənimizə layiqli övladlar kimi yetişir.
Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik ruhunda mahnılar və şeirlər səsləndirilmişdir.
Sonra Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları 2016-cı ilin "Aprel döyüşləri"nin ildönümü ilə əlaqədar Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Mehralıyev Sarvan Natiq oğlunun ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıblar. Qeyd edək ki, Sarvan Mehralıyev 2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin təxribatının qarşısının alınmasında iştirak edib. Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşdə göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.
Sarvan Mehralıyevin yaxınları şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.