Pirallahı rayonunda “Azərbaycan Konstitusiyasında vicdan azadlığı” mövzusunda tədbir keçirilmişdir
14 mart 2025 | 13:22
13 mart 2025-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Konstitusiyasında vicdan azadlığı” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbirdə dövlət himnimiz səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində bu kimi tədbirlərin keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində olduğu kimi, dövlət-din münasibətlərində də inkişaf mərhələsinin bünövrəsi qoyuldu. Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ölkəmizin dövlət-din münasibətləri modelinin dünyəvilik prinsipi əsasında formalaşması üçün hüquqi təminat yaratdı. E.Abasov, Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqları haqqında iştirakçılara geniş məlumat verərək ölkəmizdə cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən, insan hüquq və azadlıqlarının layiqincə qorunması istiqamətində görülmüş işlərdən danışmışdır. O da vurğulanmışdır ki, Azərbaycan hazırda beynəlxalq arenada həm dini azadlığın təmin edildiyi, həm də tolerant ölkə kimi tanınır. Başqa sözlə, Azərbaycan dünyaya həm tolerantlıq, həm də din-dövlət münasibətləri kontekstində yeni model bəxş etmişdir.
Daha sonra çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov müqəddəs Ramazan ayında belə aktual mövzu ilə əlaqədar tədbirin keçirilməsinin əhəmiyyətindən danışaraq vurğulamışdır ki, ruzi-bərəkət, həmrəylik, dostluq, qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazanda mənəvi dəyərlərin qorunması və inkişafı istiqamətində dövlətimiz tərəfindən mühüm işlər görülür. Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətləri modeli xalqımızın maraqlarını ifadə edərək demokratik prinsiplərə əsaslanır. Bu sahədə aparılan dövlət siyasətinin məqsəd və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Milli maraqlara əsaslanmaq, rasionallıq və məqsədyönlülük dini sahədə dövlət siyasətini səciyyələndirən əsas xüsusiyyətlərdir. Vicdan azadlığının və dini müxtəlifliyin təmin olunması, dinlərarası dialoqun genişlənməsi və dini təhlükəsizliyə təhdidlərin qarşısının alınması nəticəsində ölkəmizdə dini sabitlik qorunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə ölkəmizdə həyata keçirilən milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan danışan natiq, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq, ruzi-bərəkət arzulamışdır. Çıxışının sonunda V.Səfixanov, qarşıdan gələn bayramlar münasibətilə rayon rəhbərliyinin təbriklərini tədbir iştirakçılarına çatdırdı.
Tədbirin sonunda aztəminatlı və şəhid ailələrinin nümayəndələri üçün 200 nəfərlik iftar süfrəsi təşkil olunmuşdur.