Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Bədən Tərbiyəsi və İdman Günü” qeyd olunub

05 mart 2026 | 17:51
        Pirallahı rayonunda "5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə rayon ərazisində fəaliyyət göstərən idmançılarla görüş keçirilib.
      Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Pirallahı Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Arzu Abdullayev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, Pirallahı Rayon Bələdiyyəsinin sədri Əli Kərimov, dünya və Avropa çempionları, respublika birinciləri, məşqçi-müəllimlər və digər qonaqlar iştirak ediblər.
       Tədbirdə çıxış edən Arzu Abdullayev vurğulayıb ki, Azərbaycanda idmana göstərilən böyük diqqət və qayğı, eləcə də bu sahənin geniş inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd olunub ki, dahi liderin ölkəmizə rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın inkişafına da xüsusi diqqət yetirilib, gələcək inkişaf perspektivləri nəzərə alınaraq güclü maddi-texniki bazanın formalaşdırılması istiqamətində mühüm işlər görülüb. Bildirilib ki, 1993-cü il iyunun 15-də xalqın çağırışına səs verərək ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində ölkədə idmana münasibət köklü şəkildə dəyişib və bu sahənin inkişafı yeni mərhələyə qədəm qoyub. Daha sonra Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu idman siyasəti nəticəsində ölkədə idmançılara göstərilən diqqətdən bəhs edilib, müasir tələblərə cavab verən idman infrastrukturunun yaradılması və təkmilləşdirilməsi istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.
      Çıxış edən Vüqar Əliyev idmanın gənclərin fiziki və mənəvi inkişafında mühüm rol oynadığını qeyd edib, idmanla məşğul olmağın sağlam həyat tərzinin formalaşmasına və şəxsi inkişafın güclənməsinə töhfə verdiyini bildirib. Əli Kərimov isə Pirallahı rayonunda idman infrastrukturunun genişləndirilməsinin və yeni layihələrin həyata keçirilməsinin gənclərin potensialının artırılmasına xidmət etdiyini vurğulayıb, idmançılara göstərilən dövlət dəstəyinin onların uğurlarının davamlı olmasına şərait yaratdığını qeyd edib.
       Tədbir çərçivəsində rayonun idman həyatında fəal iştirak edən bir qrup məşqçi və idmançı mükafatlandırılıb. Sonda xatirə şəkli çəkdirilib.
Keçidlər