Pirallahı rayonunda “Beynəlxalq Gənclər Günü” münasibətilə rəsm sərgisi keçirilib
10 avqust 2026 | 15:33
10 avqust 2026-cı il tarixində Pirallahı Gənclər Evində “Beynəlxalq Gənclər Günü” münasibətilə, “Şəhərsalma və memarlıq ili” çərçivəsində Pirallahı Gənclər Evi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə rəsm sərgisi keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Rəhimə İsmayılova, RİH başçısı Aparatının, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə Gənclər və İdman sektorunun, eləcə də Pirallahı Gənclər Evinin məsul əməkdaşları iştirak ediblər.
Tədbir sərgiyə baxışla başlayıb. Sərgidə gənclərin şəhər memarlığı, müasir şəhər inkişafı və Azərbaycanın zəngin memarlıq irsindən ilhamlanaraq hazırladıqları rəsm əsərləri nümayiş olunub.
Daha sonra Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova çıxış edərək gəncləri “Beynəlxalq Gənclər Günü” münasibətilə təbrik edib. Z.Məmmədhüseynova bildirib ki, ölkəmizdə gənclərə daim yüksək diqqət və qayğı göstərilir, onların inkişafı və fəal ictimai iştirakının təmin olunması istiqamətində ardıcıl dövlət gənclər siyasəti həyata keçirilir. Həmçinin vurğulanıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi gənclərin hərtərəfli inkişafı və öz potensiallarını reallaşdırmaları üçün geniş imkanlar yaradıb.
Çıxış edən Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Rəhimə İsmayılova vurğulayıb ki, dövlətin daim diqqət və qayğısını hiss edən Azərbaycan gəncliyi göstərilən yüksək etimadı layiqincə doğrultmağa çalışır. O qeyd edib ki, bu etimadın qarşılığında Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər müstəqil və güclü Azərbaycan naminə öz bilik və bacarıqlarını səfərbər edir, ölkənin inkişafına töhfə vermək üçün fəal iştirak göstərir və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti dəstəkləyirlər.
Daha sonra çıxış edən Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vüqar Əliyev və Pirallahı Gənclər Evinin direktoru Arzu Qarazadə bildiriblər ki, sərginin əsas məqsədi gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, estetik zövqünün inkişaf etdirilməsi, təsviri sənətə marağının artırılması, eləcə də şəhərsalma və memarlıq mövzusuna yaradıcı yanaşmanın təşviq olunmasıdır.
Tədbir Pirallahı Gənclər Evinin könüllülərinin ifasında təqdim olunan bədii proqramla davam edib. Sonda sərgidə iştirak edən gənclər sertifikatlarla təltif olunublar.







