Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

04 oktyabr 2025 | 11:05
         3 oktyabr 2025-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatı və  Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı  Pirallahı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Gənclər Evində “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
        Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, başçının müavini Zülfiyyə Məmmədhüseynova, YAP Pirallahı Rayon Təşkilatının sədri Emil Abasov, İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova, eləcə də rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri və pedaqoji kollektivin üzvləri iştirak etmişlər.
         Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, ardınca “Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
       Daha sonra çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova müəllimləri peşə bayramları münasibətilə təbrik etmiş, onlara pedaqoji fəaliyyətlərində uğur arzulamışdır. Çıxışında o qeyd etmişdir ki, müəllim – yalnız bilik verən deyil, həm də şəxsiyyət formalaşdıran, cəmiyyətə yol göstərən, milli-mənəvi dəyərləri aşılayan, gələcəyin memarı olan ziyalıdır. Vətənpərvər, savadlı və məsuliyyətli gənclərin yetişdirilməsində müəllimlərin rolu əvəzsizdir. Bu gün ölkəmizin elm, iqtisadiyyat, texnologiya, səhiyyə və hətta ordu quruculuğu sahələrində müəllim əməyinin bəhrəsi aydın şəkildə görünməkdədir. Z.Məmmədhüseynova vurğulamışdır ki, təhsil sahəsi dövlətin prioritet istiqamətlərindən biri olmaqla yanaşı, yerli icra strukturlarının da daim diqqət mərkəzindədir. Pirallahı Rayon İcra Hakimiyyəti bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Rayon rəhbərliyi tərəfindən yüksək nəticələr göstərən şagirdlərlə mütəmadi görüşlər keçirilir, onların nailiyyətləri dəyərləndirilir, pedaqoji fəaliyyəti ilə fərqlənən müəllimlər Fəxri Fərmanlarla təltif olunurlar. Bütün bu addımlar təhsilin keyfiyyətinin artırılmasına və müəllim-şagird münasibətlərinin daha səmərəli təşkilinə xidmət edir.
         YAP Pirallahı Rayon Təşkilatının sədri Emil Abasov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müəllimlərin əməyinin layiqincə qiymətləndirilməsi, onların sosial statusunun yüksəldilməsi, iş şəraitinin və rifah halının yaxşılaşdırılması istiqamətində mühüm islahatlar həyata keçirilir. Müəllimlərin diaqnostik qiymətləndirilməsi və onun nəticəsində əməkhaqlarının artırılması, sertifikatlaşdırma proseslərinin tətbiqi, işə qəbul sisteminin şəffaflaşdırılması və peşəkar inkişaf proqramlarının genişləndirilməsi bu siyasətin əsas istiqamətlərindəndir.
        Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı  Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova da müəllimləri peşə bayramları münasibətilə təbrik edərək, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulamışdır. O bildirib ki, müəllimlik peşəsi cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rol oynayır. Müəllimlər ölkənin intellektual potensialını formalaşdırır, sağlam düşüncəli, vətənpərvər, bilikli və bacarıqlı gənclərin yetişməsində əsas rol oynayır. A.Cahangirova əlavə etmişdir ki, Həmkarlar ittifaqı olaraq ATİAHİ öz üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, hüquqlarının qorunması və iş şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.
          Tədbirin sonunda Pirallahı Rayon İcra Hakimiyyəti, YAP Pirallahı Rayon Təşkilatı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı  Pirallahı Rayon Komitəsi tərəfindən rayonun təhsil sistemində səmərəli fəaliyyət göstərən, pedaqoji fəaliyyəti ilə fərqlənən bir qrup müəllim Fəxri Fərmanlar və hədiyyələrlə təltif olunmuşdur. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatmışdır.
Keçidlər