Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

05 oktyabr 2026 | 17:47
         05 oktyabr 2026-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 243 nömrəli tam orta ümumtəhsil məktəbində “5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova, təhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, təqaüddə olan və gənc müəllimlər iştirak ediblər.
         Tədbirdə ilk olaraq Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova çıxış edərək müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib. Bildirilib ki, Azərbaycanda Müəllimlər Günü 1993-cü ildən qeyd olunur. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın və ölkənin gələcək nəsillərinin yetişdirilməsinə həsr edən müəllimlərin əməyinə verilən yüksək dəyərin ifadəsidir. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev müəllim əməyini daim yüksək qiymətləndirib, təhsil işçilərinə böyük hörmət və ehtiramla yanaşıb, onların sosial rifahının yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayıb. Ulu Öndərin “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” fikri müəllimlik peşəsinə verilən yüksək qiymətin bariz ifadəsidir. Diqqətə çatdırılıb ki, ölkəmizdə son illər təhsilin inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirməsi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdiyi daimi diqqət və qayğı, təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və onların fəaliyyətinə göstərilən hərtərəfli dövlət qayğısı bu sahənin davamlı inkişafına xidmət edir.
        Daha sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki, müəllimlik ən çətin, eyni zamanda ən şərəfli və məsuliyyətli peşələrdən biridir. Bu peşənin əsas missiyası yalnız şagirdlərə bilik və bacarıqlar aşılamaqla məhdudlaşmır. Müəllim, eyni zamanda, gənc nəslin dünyagörüşünün formalaşmasında, onların vətənpərvər, savadlı, məsuliyyətli və cəmiyyətə faydalı vətəndaş kimi yetişməsində mühüm rol oynayır. O, müəllimlərin bu istiqamətdə göstərdiyi fədakar əməyin yüksək qiymətləndirildiyini qeyd edib və bütün təhsil işçilərini bayram münasibətilə təbrik edib.
       Çıxış edən Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev müəllim əməyinin gənc nəslin formalaşmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O gənclərlə iş sahəsində təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyətinə toxunaraq qeyd edib ki, məktəblərdə gənclərin ictimai fəallığının, sağlam həyat tərzinin və milli-mənəvi dəyərlərə bağlılığının artırılması istiqamətində müəllimlərin dəstəyi mühüm əhəmiyyət kəsb edir. O, bütün müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayıb.
       Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova çıxışında müəllim əməyinin cəmiyyətin inkişafında xüsusi yer tutduğunu bildirib. O qeyd edib ki, müəllimlərin sosial və əmək hüquqlarının qorunması, onların əmək şəraitinin yaxşılaşdırılması və fəaliyyətlərinin stimullaşdırılması həmkarlar ittifaqının diqqət yetirdiyi əsas istiqamətlərdəndir. Arzu Cahangirova təhsil işçilərinin gündəlik fəaliyyətində qarşılaşdıqları məsələlərin həlli, onların hüquq və mənafelərinin müdafiəsi istiqamətində həmkarlar ittifaqı tərəfindən görülən işlərdən bəhs edib. O, müəllimlərin gənc nəslin təlim-tərbiyəsində göstərdikləri fədakarlığın yüksək qiymətləndirildiyini vurğulayaraq bütün təhsil işçilərinə məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.
        Tədbirdə təqaüddə olan müəllimlərə də xüsusi ehtiram göstərilib. Çıxış edən təqaüddə olan müəllimlər uzun illər ərzində müəllimlik fəaliyyətinin onların həyatında mühüm yer tutduğunu qeyd edərək, bu peşənin insana verdiyi mənəvi dəyərlərdən danışıb.
       Tədbirin sonunda müəllimlərə xoş arzular çatdırılıb, onların şərəfli və məsuliyyətli fəaliyyətlərinin bundan sonra da uğurla davam etdirilməsi dilə gətirilib. Onlara hədiyyələr və təşəkkürnamələr təqdim edilib. Tədbir xatirə şəklinin çəkdirilməsi ilə sona çatıb.
Keçidlər