Rayonumuzda “Bilik günü” qeyd edildi
15 sentyabr 2025 | 14:31
15 sentyabr 2025-ci il tarixində ölkəmizin bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da Bilik Günü qeyd olunmuşdur. Şagirdlərin yeni tədris ilinə başlamanın həyəcan və sevincini yaşadıqları bu əlamətdar gün Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlamışdır. Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları – Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, müavini Zülfiyyə Məmmədhüseynova, RİH başçısı Aparatının əməkdaşları, Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndələr və Pirallahı Bələdiyyəsinin sədri Əli Kərimov iştirak etmişlər. Onlar müəllim və şagird kollektivini yeni tədris ili münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Çıxışlarda vurğulanmışdır ki, Azərbaycan dövləti təhsili hər zaman prioritet sahə kimi dəyərləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə təhsilin maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilmiş, müasir tipli məktəblər inşa olunaraq istifadəyə verilmiş, müəllimlərin peşəkarlığının artırılması və sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılmışdır. Bütün bunlar dövlətimizin təhsilə verdiyi yüksək önəmin və strateji baxışın bariz nümunəsidir.
Tədbirdə həmçinin bildirildi ki, ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunmuşdur. Vurğulandı ki, 2025-ci ilin dövlət başçımız tərəfindən “Konstitusiya və Suverenlik İli” elan olunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, hüquqi düşüncənin və vətəndaş məsuliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. İlk dərsin məhz bu mühüm mövzuya həsr olunması şagirdlərin dövlətə, Vətənə və onun Konstitusiyasına hörmət ruhunda tərbiyə olunmasına, suverenliyin mahiyyətinin dərindən dərk edilməsinə xidmət edir. Bu həm də gənc nəslin hüquqi savadlılığının artırılması, onların milli vətəndaşlıq şüurunun formalaşdırılması istiqamətində atılmış mühüm addımlardandır.
Qeyd edək ki, 2025–2026-cı tədris ilində Pirallahı rayonunun ümumtəhsil müəssisələrində 142 sinif üzrə 2892 nəfər şagird təhsil alacaqdır. Onlardan 29 sinif üzrə 556 nəfəri tədrisi rus dili bölməsində davam etdirəcəkdir.






