Pirallahı rayonunda “Bilik günü” qeyd edilib
15 sentyabr 2026 | 16:16
15 sentyabr 2026-cı il tarixində ölkəmizin bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da yeni tədris ilinin başlanması münasibətilə “Bilik Günü” qeyd olunub.
Bilik Günü münasibətilə rayonun ümumtəhsil müəssisələrində keçirilən tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları – Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, müavinlər Zülfiyyə Məmmədhüseynova və İsmayıl Əliyev, RİH başçısı Aparatının əməkdaşları, həmçinin Pirallahı Bələdiyyəsinin sədri Əli Kərimov iştirak ediblər.
Şagirdlərin yeni tədris ilinə qədəm qoyduğu əlamətdar gün Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çıxış edənlər Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun salamlarını və xoş arzularını müəllim və şagird kollektivlərinin diqqətinə çatdırıb, onları yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək, təhsil və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Çıxışlarda həmçinin vurğulanıb ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müasir tələblərə cavab verən yeni təhsil müəssisələrinin inşası, eləcə də müəllimlərin peşəkarlığının artırılması və sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Görülən işlər dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğının, bu sahəyə strateji yanaşmasının bariz ifadəsidir.
Tədbirlər zamanı yeni tədris ilinin ilk dərsinin “Şəhərsalma və Memarlıq İli”nə həsr olunduğu da diqqətə çatdırılıb. Bildirilib ki, ilk dərs çərçivəsində şagirdlərə ölkəmizdə şəhərsalma və memarlıq sahəsində həyata keçirilən layihələr, tarixi-mədəni irsin qorunması və müasir şəhər mühitinin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat veriləcək.
Qeyd edək ki, 2026–2027-ci tədris ilində Pirallahı rayonunun ümumtəhsil müəssisələrində 145 sinif üzrə 2872 şagird təhsil alır. Onlardan 28 sinif üzrə 514 şagird rus qrupunda təhsil alır.







