Pirallahı rayonunda “Çempionlarımızı tanıyaq” layihəsi çərçivəsində gənclərlə görüş keçirilib
24 oktyabr 2023 | 17:46
24 oktyabr tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman İdarəsi Pirallahı rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Pirallahı Gənclər Mərkəzində “Çempionlarımızı tanıyaq” layihəsi çərçivəsində gənclərlə görüş keçirilib. Layihənin qonağı yunan-roma güləşi üzrə 3 qat Dünya, 2 qat Avropa çempionu Eldəniz Əzizli olmuşdur.
Görüşdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev giriş nitqi ilə çıxış edərək ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğıdan danışmışdır. Natiq bildirmişdir ki, Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra idmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi və bu sahədə yüksəlişin əsası qoyuldu. Eyni şəkildə, daim Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan Prezident İlham Əliyev idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin etmiş, respublikamızın idman imicinin yüksəlməsinə nail olmuş, idmana dövlət qayğısını daha da artırmışdır. Beynəlxalq yarışlarda idmançılarımızın qazandıqları saysız-hesabsız medallar bunun əyani təsdiqidir. Azərbaycanın idman şərəfini qoruyanlardan biri də Eldəniz Əzizlidir.
Daha sonra Eldəniz Əzizli çıxış edərək güləşdə qazandığı nailiyyətlər və çempionluq yolundan danışdı, gənclərlə öz təcrübələrini bölüşdü. Yeniyetmə və gənclərə zəhmət, fədakarlıq və əzmkarlığın vacibliyini vurğulayan çempion onlara sağlam həyat tərzi və idman haqqında öz tövsiyələrini verdi.
60-dan çox yeniyetmə və gəncin iştirak etdiyi və interaktiv şəraitdə keçən görüşdə iştirakçılar tərəfindən verilən suallar idmançımız tərəfindən ətraflı cavablandırıldı, bədən tərbiyəsinin insanın formalaşmasında əhəmiyyəti xüsusi olaraq vurğulandı. Qeyd edək ki, “Çempionlarımızı tanıyaq” layihəsi Azərbaycanın tanınmış idmançılarının uğur hekayələrini nümayiş etdirməklə gəncləri ruhlandırmaq və həvəsləndirmək məqsədi daşıyır. Bu görüşlər vasitəsilə gənclər uğurlu idmançıların təcrübələrini öyrənmək və öz həyatlarında uğur qazanmağın yolları ilə bağlı dəyərli məsləhətlər almaq imkanı əldə edirlər.
Sonda tədbir iştirakçıları çempion ilə xatirə şəkili çəkdirdi.