Pirallahı rayonunda dini vəziyyətlə bağlı müşavirə keçirildi
18 fevral 2026 | 13:05
18 fevral 2026-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasında rayondakı mövcud dini vəziyyət və Müqəddəs Ramazan ayının başlanmasına həsr olunmuş müşavirə keçirildi. Müşavirədə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı Regional Bölməsinin müdiri Anar Kazımov, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının əməkdaşları, Pirallahı məscidinin imamı və RİH başçısı Aparatının məsul əməkdaşları iştirak etdilər.
Müşavirədə çıxış edən natiqlər bildirdilər ki, Azərbaycan xalqının milli-dini kimliyini qorumaq dövlət siyasətinin əsas istiqamətlərindən biridir. İslami dəyərlər milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Azərbaycanda vicdan azadlığının və dini müxtəlifliyin təmin olunması, dövlət-din münasibətləri modelinin möhkəmlənməsi, dinlərarası dialoqun inkişafı və dini təhlükəsizliyə təhdidlərin qarşısının alınması nəticəsində dini sabitlik qorunur. Müqəddəs Ramazan ayının daxil olması ilə bağlı qarşıda duran vəzifələrdən danışan natiqlər dini maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğuladılar. Sağlam və savadlı cəmiyyət üçün milli-mənəvi və dini dəyərlərimizin təbliği prosesində məsul qurumlar daha aktiv fəaliyyət göstərməli, dini maarifləndirmə tədbirlərinin effektivliyi və qarşıda duran vəzifələr operativ və keyfiyyətli həyata keçirilməlidir.






