Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Dostluq, hörmət və dəstək” başlıqlı təlim keçirilib

14 aprel 2026 | 16:32
       14 aprel 2026-cı il tarixində Pirallahı Gənclər Evində Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Dostluq, hörmət və dəstək” adlı maarifləndirici təlim keçirilib. Təlimdə Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun məsul əməkdaşları, təhsil müəssisələrinin psixoloqları və şagirdlər iştirak ediblər.
        Tədbiri giriş sözü ilə açan Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev qeyd edib ki, təlimin məqsədi şagirdlərdə dostluğun və hörmətin əhəmiyyətini aşılayaraq sağlam ünsiyyət bacarıqlarını formalaşdırmaq, özünüifadə və empatiya qabiliyyətlərini artırmaqdır.
      Daha sonra çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Anar Babayev qeyd edib ki, bu cür təlimlər yeniyetmələr arasında sağlam münasibətlərin formalaşmasına, qarşılıqlı anlaşma və ünsiyyət bacarıqlarının inkişafına mühüm töhfə verir. O, həmçinin vurğulayıb ki, böyüməkdə olan nəslin düzgün tərbiyəsi, mənəvi cəhətdən zəngin, ideyaca möhkəm və yüksək əxlaqi keyfiyyətlərə malik şəxsiyyətlərin yetişdirilməsi bu gün cəmiyyət qarşısında duran ən vacib vəzifələrdəndir. Bildirilib ki, məktəb insanın dünyagörüşünün əsasının qoyulduğu, xarakterinin formalaşdığı, ideoloji, mənəvi və əxlaqi dəyərlərin təməlini təşkil edən mühüm bir mühitdir. Bu baxımdan, belə təlimlər şəxsi sərhədlərə hörmətin aşılanmasına, zorakılığa (bulinqə) qarşı mübarizəyə və müsbət ünsiyyət bacarıqlarının inkişafına yönəlib.
       Sonda mütəxəssislər Kubra Nağıyeva və Lalə Yəhyayevanın təqdimatında iştirakçılara təlim keçirilib. Təlim zamanı interaktiv metodlar, qrup müzakirələri və praktiki məşğələlər vasitəsilə şagirdlərə dostluq və hörmət anlayışları izah edilərək gündəlik ünsiyyətdə konstruktiv və hörmətli davranış nümunələri göstərilib. Nəticədə şagirdlər həm öz duyğularını ifadə etməyi, həm də başqalarının duyğularına hörmətlə yanaşmağı öyrənərək problemləri sivil və səmərəli yolla həll etmək bacarıqlarını inkişaf etdiriblər. Təlim “Bir sual-bir cavab” rubrikası formatında müzakirələrlə yekunlaşıb.
Keçidlər