Pirallahı rayonunda Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirilib
06 noyabr 2026 | 17:22
Pirallahı rayonu ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.
Tədbirlərdə çıxış edən natiqlər Dövlət Bayrağı Gününün tarixi və milli əhəmiyyətindən bəhs edərək bildiriblər ki, Azərbaycanın üçrəngli bayrağı hər bir azərbaycanlının milli qürur və ləyaqət rəmzi, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin, dövlətçilik iradəsinin təcəssümüdür.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində Azərbaycan bayrağı bu gün dünyanın ən mötəbər beynəlxalq tədbirlərində, nüfuzlu tribunalarda qürurla dalğalanır.
Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda ucaldılmasının xalqımızın milli qürurunu daha da yüksəltdiyi xüsusi vurğulanıb.
Tədbirlər şagirdlərin ifasında təqdim olunan ədəbi-bədii kompozisiyalar, səhnəciklər və vətənpərvərlik ruhunda səsləndirilən şeirlərlə davam edib. Şagirdlərin rəngarəng çıxışları iştirakçılarda xoş təəssürat yaradıb.
Bununla yanaşı, Dövlət Bayrağı Günü münasibətilə təhsil müəssisələrinin şagirdləri arasında voleybol üzrə idman yarışları da təşkil olunub. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışlarda şagirdlər öz idman bacarıqlarını nümayiş etdirib, komanda ruhu və qarşılıqlı həmrəylik nümayiş etdiriblər. Yarışlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.







