Pirallahı rayonunda Dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbiri keçirilib
08 aprel 2026 | 17:19
08 Aprel 2026-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” çərçivəsində yerli icra hakimiyyətlərinin qarşısına qoyulmuş “Dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkil edilməsi” tapşırığının icrası ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova, RİH başçısı Aparatının, qəsəbə İƏD üzrə nümayəndəliklərin və Pirallahı bələdiyyəsinin məsul əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, həmçinin torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. Daha sonra mövzuya həsr olunmuş video-çarx nümayiş olunub.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova tədbirdə çıxış edərək Dövlət Proqramı, o cümlədən, Proqramın hüquqi əsasları, məqsədləri, vəzifələri və Proqramın yerinə yetirilməsindən gözlənilən nəticələr barədə iştirakçılara geniş məlumat təqdim edib. Həmçinin vurğulanıb ki, qloballaşma şəraitində hər bir ölkənin milli dili və mədəniyyəti müxtəlif təsirlərə məruz qalır. Bu proses Azərbaycan dilinin zənginləşdirilməsi, söz ehtiyatının genişləndirilməsi, terminologiyanın müasir tələblərə uyğunlaşdırılması və kommunikasiya vasitələrinin inkişafı baxımından həm imkanlar, həm də çağırışlar yaradır. Eyni zamanda, dilin düzgün istifadəsi və nitq mədəniyyətinin qorunub saxlanması məsələsi cəmiyyətin hər bir üzvü üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, dövlət qurumlarının, təhsil müəssisələrinin və media orqanlarının üzərinə düşən məsuliyyət böyükdür. Onlar Azərbaycan dilinin həm elmi-texniki sahələrdə, həm də gündəlik ünsiyyətdə keyfiyyətli şəkildə inkişafını təmin etməli, gənc nəsillərin dilə olan marağını artırmalı və nitq mədəniyyətini yüksək səviyyədə formalaşdırmalıdırlar. Əlavə olaraq, qloballaşmanın gətirdiyi informasiya axını və texnoloji yeniliklər dilin zənginləşməsi üçün bir imkan kimi istifadə edilməli, eyni zamanda yad təsirlərə qarşı dilimizi qorumaq məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməlidir.
Daha sonra uzun illər mətbuat orqanlarında fəaliyyət göstərmiş tarixçi-jurnalist, hazırda Dövlət Qaçqınkomunun Xəzər rayon sektoru üzrə baş məsləhətçisi vəzifəsində çalışan İlqar Məmmədli Kütləvi İnformasiya vasitələrində Azərbaycan dilinin düzgün istifadəsi, dil normalarına riayət olunması və jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması məsələlərinə dair çıxış edib. O, qeyd edib ki, medianın dili formalaşdırıcı gücü vardır və KİV-lərdə istifadə olunan dil həm oxucuların, həm də cəmiyyətin nitq mədəniyyətinə təsir edir. Bu baxımdan, jurnalistlərin və redaktorların Azərbaycan dilinin qrammatik, leksik və stilistik normalarına ciddi riayət etməsi zəruridir. İlqar Məmmədli həmçinin praktik nümunələr göstərərək, tez-tez rast gəlinən dil yanlışlarını və onların aradan qaldırılmasının yollarını iştirakçılara izah edib.
“Gənc nəsildə dil mədəniyyətinin formalaşdırılması” mövzusu ilə bağlı çıxış edən Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialının müdiri Zülfiyyə Əliyeva isə gənclərin dil mədəniyyətinə marağının artırılması və onların düzgün nitq vərdişlərinin formalaşdırılması istiqamətində kitabxanaların rolunu vurğulayıb. O bildirib ki, kitabxanalar yalnız informasiya mənbəyi deyil, eyni zamanda maarifləndirmə və təlim mərkəzləri kimi fəaliyyət göstərir. Zülfiyyə Əliyeva qeyd edib ki, müasir dövrdə gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, Azərbaycan dilində düzgün üslubda yazılı və şifahi ifadə qabiliyyətlərinin artırılması üçün interaktiv tədbirlər, oxu marafonları, debat klubları və dil oyunlarının təşkil olunması önəmlidir.
Yekunda Pirallahı bələdiyyəsinin və Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov çıxış edərək keçmişdən bu günə Azərbaycan dilinin keçdiyi çətin mərhələləri vurğulayıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan dili dövlət dili kimi həm qanunvericilikdə, həm də ictimai həyatın bütün sahələrində geniş tətbiq olunur, onun inkişafı və qorunması üçün sistemli tədbirlər həyata keçirilir. Əli Kərimov çıxışında əlavə edib ki, Azərbaycan dilinin qorunması və inkişafı hər bir vətəndaşın məsuliyyətidir və xüsusilə gənc nəsil bu işin davamçısı olmalıdır.






