Pirallahı rayonunda “Dövlət Müstəqilliyinin Bərpası Günü”nə həsr olunmuş tədbirlər keçirilib
17 oktyabr 2026 | 12:30
17 oktyabr 2026-cı il tarixində Pirallahı rayonunda “18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü” ilə əlaqədar bir sıra tədbirlər keçirilib.
İlk olaraq, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 243 nömrəli tam orta ümumtəhsil məktəbində məktəblilər arasında basketbol turniri təşkil olunub. Turnirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi məsələlər sektorunun müdiri Arzu Abdullayev, sektorun əməkdaşı Anar Babayev və Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev iştirak ediblər.
Açılış mərasimində çıxış edən Arzu Abdullayev və Vüqar Əliyev “18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü”nün Azərbaycan xalqının azadlıq və dövlətçilik tarixində mühüm yer tutduğunu vurğulayıblar. Bildirilib ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə ölkəmizin dövlət müstəqilliyi hüquqi baxımdan təsbit olunub və Azərbaycan xalqı öz tarixi dövlətçilik ənənələrinə yenidən qayıdıb. Natiqlər qeyd ediblər ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə əsası qoyulan müstəqil dövlətçilik ənənələri 1991-ci ildə müstəqilliyimizin bərpası ilə davam etdirilib. Müasir Azərbaycan dövlətinin möhkəmlənməsi, müstəqilliyin dönməz xarakter alması və ölkənin hərtərəfli inkişafı isə Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun müəyyənləşdirdiyi siyasi kurs nəticəsində dövlət idarəçiliyinin əsasları möhkəmləndirilib, ölkədə sabitlik təmin olunub, iqtisadi inkişafın və güclü dövlət quruculuğunun təməli yaradılıb. Çıxışlarda gənclərin sağlam həyat tərzinə təşviq edilməsinin, onların vətənpərvərlik ruhunda tərbiyəsinin və milli dövlətçilik dəyərlərinə bağlılığının vacibliyi də vurğulanıb. Qeyd olunub ki, idman yarışları məktəblilər arasında sağlam rəqabəti, komanda ruhunu və qarşılıqlı hörməti gücləndirməklə yanaşı, gənc nəslin fiziki və mənəvi inkişafına da töhfə verir.
Daha sonra məktəblilər arasında basketbol turniri keçirilib. Yarışın yekun nəticələrinə əsasən, Y. Əliyev adına 235 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası birinci, 243 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası ikinci, N.S. Teymurov adına 231 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası isə üçüncü yeri tutub.
Eyni gün “Pirallahı Gənclər Evi”nin təşkilatçılığı ilə “Dövlət Müstəqilliyinin Bərpası Günü”nə həsr olunmuş konfrans keçirilib. Konfransda Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi məsələlər sektorunun müdiri Arzu Abdullayev, 186 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Elzamin Həsənov və “Pirallahı Gənclər Evi”nin metodisti Ümid Həsənli çıxış ediblər.
Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyəti, müstəqilliyin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasət, eləcə də müasir Azərbaycanın qazandığı nailiyyətlər ətrafında geniş bəhs olunub.
Xüsusilə vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi olub. Həmin dövrdə ölkənin qarşılaşdığı ciddi siyasi və iqtisadi çətinliklər, daxili qeyri-sabitlik və dövlətçiliyə yaranan təhdidlər fonunda Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanın parçalanma təhlükəsindən xilas edilməsinə, ictimai-siyasi sabitliyin bərqərar olunmasına və müstəqil dövlət institutlarının möhkəmləndirilməsinə şərait yaradıb.
Natiqlər bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs uğurla davam etdirilib, Azərbaycanın iqtisadi və hərbi qüdrəti artırılıb, müdafiə potensialı gücləndirilib. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam bərpası güclü Azərbaycan dövlətinin qurulması istiqamətində həyata keçirilən ardıcıl siyasətin mühüm nəticələri kimi qiymətləndirilib. Vurğulanıb ki, bu Zəfər xalqımızın tarixi ədalətin bərpası uğrunda uzun illər davam edən mübarizəsinin təntənəsi olmaqla yanaşı, müstəqil Azərbaycanın beynəlxalq nüfuzunu və milli birliyini daha da gücləndirib.
Konfransda gənclərin üzərinə düşən vəzifələrə də toxunulub. Bildirilib ki, müstəqilliyin qorunması yalnız dövlətin deyil, hər bir vətəndaşın məsuliyyətidir. Gənclər milli-mənəvi dəyərlərə sadiq qalmalı, tariximizi dərindən öyrənməli, yüksək təhsil və peşə bacarıqlarına yiyələnməli, ölkənin inkişafına və əldə olunmuş tarixi nailiyyətlərin qorunmasına öz töhfələrini verməlidirlər. Xüsusilə qeyd olunub ki, Heydər Əliyev ideyalarına və dövlətçilik ənənələrinə bağlılıq, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinə dəstək güclü, müstəqil və suveren Azərbaycanın gələcəyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır.
Sonda 186 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin ifasında Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş şeir kompozisiyası təqdim edilib.
Tədbir xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.







