Şriftin ölçüsü :

Saytın rəngi :

“Əsrə bərabər 20 il” mövzusunda konfrans keçirilib

13 oktyabr 2023 | 16:19
      13 oktyabr 2023-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar ağacəkmə kampaniyası keçirilmişdir. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun, YAP Pirallahı rayon təşkilatı sədri Emil Abasovun, RİH başçısı Aparatının məsul əməkdaşlarının və rayonda fəaliyyət göstərən idarə, müəssisə rəhbərlərinin iştirakı ilə “Nərəkənd balıqyetişdirmə kompleksi”nin yaxınlığındakı ərazidə baş tutan aksiyada 100 ədəd ağac və gül kolları əkilmişdir.
      Daha sonra Pirallahı rayon Gənclər Mərkəzində “Əsrə bərabər 20 il” mövzusunda konfrans keçirilmişdir. Yığıncaqda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatı sədri Emil Abasov, Milli Məclisin üzvü Aydın Hüseynov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının və YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşları, Rayon Ağsaqqallar Şurasının üzvləri, rayon ərazisində fəaliyyət göstərən müəssisə, təşkilatların rəhbərləri və Qeyri-Hökümət  Təşkilatlarının nümayəndələri, müharibə iştirakçıları və gənc fəallar iştirak etdilər.
     Rayon İcra Hakimiyyətinin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül qoyma mərasimi ilə başlayan konfrans Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad  edilməsi və  “Əsrə bərabər 20 il” başlıqlı video-çarxın  nümayişi ilə davam etdirildi.
       Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirdi ki, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dinamik inkişaf strategiyasını rəhbər tutan, regionda çox böyük nüfuza malik olan İlham Əliyevin dövlətimizin başçısı seçilməsi ilə müasir tariximizdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulub. Bütün sahələrdə köklü dəyişikliklərlə, xalqın rifah halının daimi yaxşılaşdırılması, 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycanın dünyadakı rolunun yüksəlməsi ilə müşayiət olunan bu mərhələ daxili və xarici siyasi kursumuzda möhtəşəm uğurlarla, nəhəng abadlıq və quruculuq işləri və dünyada bənzəri olmayan sıçrayışlı iqtisadi inkişafla yadda qalıb. Natiq öz çıxışında onu da qeyd etdi ki, Azərbaycanın hərtərəfli və dinamik inkişafı, yeni iş yerlərinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun tərəqqisinə nail olmaq, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən müstəqil xarici siyasətin yürüdülməsi, Ermənistanla, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli, diaspor və lobbiçilik fəaliyyətinin gücləndirilməsi, regional inteqrasiya proseslərinin sürətləndirilməsi vahid siyasi platformaya söykənən çoxşaxəli və geniş miqyaslı bu qlobal strateji xəttin prioritet istiqamətləridir.
       Daha sonra çıxış edən Millət vəkili, Milli Məclisin “İqtisadi siyasət, sənaye və sahibkarlıq” və “Aqrar siyasət” komitələrinin üzvü Aydın Hüseynov bildirdi ki, Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq dövlətimizin başçısının həyat fəlsəfəsidir. Aydın Hüseynov qeyd etdi ki, bu gün Azərbaycan müstəqil bir dövlət kimi regionda və bölgədə etibarlı strateji tərəfdaşdır.
       Daha sonra çıxış edən  “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev qeyd etdi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin müəllifi olduğu çoxşaxəli institusional və digər xarakterli reformalar qısa müddət ərzində idarəetmənin səmərəliliyi və çevikliyinin artmasını təmin etməklə yanaşı, ölkədə vətəndaş məmnunluğuna, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsinə, ən əsası, Azərbaycan dövlətinin milli gücünün artmasına etibarlı zəmin, əlverişli şərait formalaşdırdı. Həyata keçirilən köklü və əhatəli islahatlar nəticəsində yeni siyasi konfiqurasiyanın yaranması, siyasi dialoq prosesinin dərinləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatının inkişafına xidmət edən addımların milli həmrəyliyin gücləndirilməsinə təkan verdi.
      Tədbirdə yekun olaraq çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vurğulamışdır ki, müstəqil Azərbaycan Respublikasının müasir inkişafı həm ölkəmizin iqtisadi-hərbi qüdrətinin davamlı artırılması, həm də müstəqil xarici və daxili siyasətin ardıcıl olaraq uğurla həyata keçirilməsi ilə şərtlənir. Bu baxımdan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dünyanın və ölkəmizin ən çətin zamanlarında atdığı qətiyyətli addımlar, yaratdığı möhkəm təməllər yenicə müstəqillik qazanmış Azərbaycanın dünya birliyində özünəməxsus yeri və əhəmiyyəti olan bir dövlət kimi qəbul edilməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi çox aspektli və məqsədyönlü siyasət xalqımızın və ölkəmizin inkişafında yeni tarixi mərhələnin yaranması ilə nəticələnmişdir. Möhtəşəm Qarabağ Zəfəri, bütün istiqamətlər üzrə inkişaf etmiş və beynəlxalq aləmdə öz sözü olan güclü Azərbaycanın tarixində xüsusi bir İlham Əliyev erasının yaranmasını müəyyən etmişdir. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Beləliklə, Ulu Öndər Heydər Əliyevin siyasi kursu yaşamağa davam etdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Cənab İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Ən böyük hakim olan zaman əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycanı liderlər cərgəsinə yüksəldən inkişaf strategiyasının əsaslarının nə dərəcədə uzaqgörənliklə müəyyənləşdirildiyni real nəticələr əsasında sübut edir. Bu siyasətin uğurlu davamı ölkəmizin ardıcıl və dayanıqlı iqtisadi inkişafını təmin edəcək, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ən başlıcası isə Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəlməsinə imkan verəcəkdir.  
       Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Fəxri Fərmanları təqdim olundu.
 
https://sia.az/az/news/politics/1096823.html
 
https://yeniazerbaycan.com/xeberlenti_e91661_az.html
 
https://ikisahil.az/post/463131-esre-beraber-20-il
 
https://www.gununxeberi.az/index.php/gundem/69925
 
https://unikal.az/news/401353
 
 
Keçidlər