Şriftin ölçüsü :

Saytın rəngi :

“Fövqaladə hallar uşaqların gözü ilə” adlı tədbir keçirilmişdir

16 fevral 2023 | 16:05
    15 fevral 2023-cü il tarixində Pirallahı rayonunda yerləşən 4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində “Fövqaladə hallar uşaqların gözü ilə” adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqlarının Müdafiəsi şöbəsinin əməkdaşı Azər İsalı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev, Fövqaladə Hallar Nazirliyinin əməkdaşı Nizami Fərəcov və “4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin direktoru Gülarə Quluzadə, mərkəzin pedaqoji kollektivi və uşaqlar iştirak etdilər.
    İlk olaraq mərkəzin dərnək üzvlərinin “Fövqəladə hallar zamanı özünü necə aparmalı” mövzusunda çəkdikləri rəsmlər nümayiş olundu. Qonaqlar tərəfindən sərgiyə baxış keçirildi.
      Tədbirin açılışında dövlət himni səsləndirilmiş Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
      Daha sonra baş verəcək fövqaladə hallar zamanı görüləcək tədbirlərə dair video-çarx nümayiş olunmuşdur.
     Mövzu ətrafında çıxış edən natiqlər keçirilən tədbirin əhəmiyyətini xüsusi vurğulayaraq başlıca məqsədin baş verə biləcək fövqəladə hadisələr zamanı qabaqlayıcı tədbirlərin görülməsi və nəticələrinin aradan qaldırılması olduğunu bildirdilər. Çıxışlarda fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi, baş verə biləcək yanğın və  partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi haqqında danışılmışdır. Qeyd olundu ki, belə maarifləndirici tədbirlərin davamlı olaraq keçirilməsi məqsədəuyğundur.
    Daha sonra Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin böyük təlimatçısı Nizami Fərəcov nümayiş olunan videoçarxla  bağlı ətraflı izahatlar vermiş və məktəbliləri maraqlandıran sualları ətraflı cavablandırmışdır.
      Sonda məktəblilər fövqəladə hadisələr zamanı davranış qaydaları ilə bağlı öz fikirlərini bölüşmüş və tədbir maraqlı diskusiyalarla yekunlaşmışdır.
Keçidlər