Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda “Füzuli şəhəri günü” qeyd edildi

17 oktyabr 2023 | 16:24
       17 oktyabr 2023-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin və N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Füzuli şəhəri günü”nə həsr olunmuş konfrans keçirildi.
       Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri,rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri, şagirdlər, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etdilər. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və Ümummilli Lider Heydər Əliyevin və  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
       Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev tədbiri giriş sözü ilə açaraq “Füzuli şəhəri günü”nün Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis olunduğunu xatırlatdı və artıq rayonlarımızın işğal tarixlərinin yox, azadlıq tarixlərinin qeyd edilməsindən qürurlandığını ifadə etdi. Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etdiyini söyləyən natiq qeyd etmişdir ki, 17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Füzuli şəhərinin düşmən işğalından xilas olması müharibənin sonrakı gedişatına böyük təsir göstərmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə Rəşadətli Azərbaycan Ordusunun şücaəti və xalqımızın həmrəyliyi nəticəsində qısa zamanda işğal altında olan rayonlarımız düşmən tapdağından azad edilmişdir. Füzuli uğrunda gedən döyüşlərdə Pirallahı rayon sakinlərindən iki nəfər, baş leytenant Vüsal Babayev və əsgər Elmar Nəbiyev qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışlar. Döyüşlərdə  qəhrəmanlıq göstərmiş 58 nəfər müxtəlif medallarla, o cümlədən – 9 nəfər “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
      Daha sonra N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə Quliyeva çıxış edərək vurğuladı ki, 17 Oktyabr – Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildiyi gündür. 2020-ci il oktyabrın 17-də Füzulinin 30 ilə yaxın davam edən hərbi-siyasi əsarətdən qurtulması müharibənin gedişində Azərbaycana əhəmiyyətli üstünlüklər qazandıran önəmli faktor oldu. Ermənilər Füzuli istiqamətində bir neçə istehkam xəttindən ibarət güclü müdafiə sistemi qursalar da, Azərbaycan Ordusunun təzyiqinə davam gətirə bilmədilər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli addımı nəticəsində, Vətənin igid oğullarının şücaəti ilə Azərbaycan torpaqları düşmən tapdağından azad olunmuşur. Füzulinin azad olunması həm də Azərbaycan Ordusunun, cəmiyyətimizin özünə inamını daha da artırdı. Bu hadisə Ermənistan hərbi-siyasi rəhbərliyinin isterika vəziyyətinə düşməsinə səbəb oldu, işğalçı ölkənin təcavüzkar silahlı qüvvələrinin “yenilməzlik” mifini darmadağın etdi. Azərbaycan Ordusu döyüş meydanında xalqımızın qisasını aldı və həlak olanların qanı yerdə qalmadı.
       Tədbir məktəblilərin böyük zəfərimizə və Füzuli şəhərinə həsr olunmuş kompozisiyaları ilə sona çatdı. Sonda xatirə şəkli çəkdirildi.
Keçidlər