Pirallahı rayonunda “Gələcəyini qoru, narkotikə yox de!” mövzusunda maarifləndirici tədbir keçirilib
20 may 2026 | 15:30
20 may 2026-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin və Pirallahı Rayon Prokurorluğunun təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən 186 nömrəli tam orta məktəbin akt zalında “Gələcəyini qoru, narkotikə yox de!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Pirallahı Rayon Prokuroru Zaur Axundzadə, Pirallahı Rayon Polis İdarəsinin məsul nümayəndəsi Ruslan Məmmədov, Pirallahı Bələdiyyəsinin və Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, Pirallahı Tibb Mərkəzi” PHŞ-nin həkim psixiatrı Elvin Məmmədov və RİH Aparatının məsul əməkdaşları və məktəbin şagird və müəllim kollektivi iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov bildirdi ki, narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Dövlət tərəfindən narkomaniyaya qarşı sərt mübarizə tədbirləri aparılır. Ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illərdə mühüm uğurlar əldə olunmuşdur.
Natiq qeyd etmişdir ki, rayonda narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və qarşısının alınması məqsədilə Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 2015-ci il 19 yanvar tarixli 06 nömrəli Sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya”sı, 25 dekabr 2014-cü il tarixli 78 nömrəli Sərəncamı ilə isə “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası”yaradılmışdır.Belə ki, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərində və digər müəssisələrdə əsrin bəlası olan narkomaniyanın mənfi fəsadları haqqında genişmiqyaslı maarifləndirici tədbirlər mütəmadi olaraq həyata keçirilir.
Eyni zamanda, Pirallahı Rayon Prokuroru Zaur Axundzadə qeyd etdi ki, narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. O da qeyd olunmuşdur ki, bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlət başçısının və hüquq mühafizə orqanlarının daim diqqət mərkəzindədir.
Həmçinin, digər natiqlər bildirdilər ki, yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqavimətin xeyli artırılmasının əsaslarından biridir. Bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayır.
Sonda şagirdlərlə sual cavab formasında diskusiya aparılmış və şagirdlərə bukletlər paylanılmışdır.






