Pirallahı rayonunda “Gender bərabərliyi və qadın hüquqları: Dayanıqlı inkişafa aparan yol” mövzusunda maarifləndirici tədbir keçirilib
09 dekabr 2025 | 17:10
09 dekabr 2025-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Gender bərabərliyi və qadın hüquqları: Dayanıqlı inkişafa aparan yol” adlı maarifləndirici tədbir keçirilib. Tədbir “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində baş tutub.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova, Pirallahı Rayon Polis İdarəsinin rəis müavini Elman Kazımov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqu Aytəkin Məmmədova, həmçinin rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər. Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.
Daha sonra çıxış edən Zülfiyyə Məmmədhüseynova tədbirin hər il 25 noyabr – Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündən başlayaraq 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününədək davam edən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində keçirildiyini bildirib. O qeyd edib ki, gender bərabərliyi təkcə fundamental insan hüququ deyil, həm də insan potensialının reallaşdırılması və dayanıqlı inkişafın təmin olunması üçün əsas şərtlərdəndir. Dünyada aparılan araşdırmalar qadınların səlahiyyətləndirilməsinin iqtisadi artıma, sosial rifaha və cəmiyyətin ümumi tərəqqisinə ciddi töhfə verdiyini göstərir. Z.Məmmədhüseynova vurğulayıb ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində hər kəsin qanun və məhkəmə qarşısında bərabər olduğu təsbit olunur və kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu açıq şəkildə qeyd edilir. Dövlət irq, milliyyət, cins, əqidə və digər göstəricilərdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquq və azadlıqlarının təmin edilməsini öz üzərinə götürür.
Daha sonra Pirallahı Rayon Polis İdarəsinin rəis müavini Elman Kazımov çıxış edərək məişət zorakılığı hallarının təkcə bir ailənin deyil, bütövlükdə cəmiyyətin təhlükəsizliyinə təsir etdiyini bildirib. O vurğulayıb ki, məişət zorakılığının qarşısının alınması məqsədilə maarifləndirmə fəaliyyətinin gücləndirilməsi dövlətin daxili siyasətinin əsas prioritetlərindən biridir. Qanunvericiliyə əsasən, bu sahədə profilaktik tədbirlər yerli icra hakimiyyəti orqanları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. E.Kazımov rayon üzrə mövcud statistik göstəriciləri diqqətə çatdıraraq, Pirallahı Rayon Polis İdarəsinin bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət göstərdiyini qeyd edib.
Ardınca Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqu Aytəkin Məmmədova məişət zorakılığının növləri, səbəbləri, psixoloji və hüquqi aspektləri barədə geniş təqdimatla çıxış edib. O bildirib ki, məişət zorakılığı fiziki, psixoloji, cinsi zorakılıq və iqtisadi məhdudiyyətlərin tətbiqi kimi müxtəlif formalarla özünü göstərə bilər. Fiziki zorakılıq insanın sağlamlığına zərər vurma, döymə, azadlığının məhdudlaşdırılması kimi hallarla xarakterizə olunur. Psixoloji zorakılıq isə qəsdən psixi təzyiq göstərmə və dözülməz psixoloji şərait yaratma kimi təzahür edir. Cinsi zorakılıq zərərçəkmiş şəxsin iradəsi əleyhinə edilən seksual xarakterli hərəkətlərdir. İqtisadi zorakılıq isə şəxsin əmlakdan və ya gəlirlərdən məhrum edilməsi, iqtisadi asılılıq vəziyyətinə salınması kimi hallar ilə izah olunur.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.






