Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda genişmiqyaslı iməcilik aksiyası keçirildi

10 avqust 2024 | 12:40
     Ölkəmizdə ətraf mühitin qorunması davamlı inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. Ekosistemlərin qorunması, su və torpaq resurslarının mühafizəsi, hava çirklənməsinin azaldılması bu istiqamətdə atılan addımlardan biridir. Bildiyiniz kimi, Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunmuşdur. Sözügedən Sərəncam əsasında təsdiq olunmuş tədbirlər planına uyğun olaraq bütün respublikada olduğu kimi rayonumuzda da silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də əraziləri təmizləmək və yaşıllaşdırmaq məqsədilə könüllü fəaliyyəti özündə əks etdirən iməcilik aksiyasıdır.
     Avqust ayının 10-da Pirallahı rayonunda genişmiqyaslı iməcilik aksiyası keçirilmişdir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən iməcilikdə idarə, müəssisə və təşkilatların, təhsil, səhiyyə müəssisələrinin və sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirakı ilə 500 nəfərdən çox şəxs iştirak etmişdir. İməcilik zamanı parklar və istirahət guşələrində, səki kənarlarının, bordür və işıq dirəklərinin, məhəccərlərin, köşk və dayanacaqların, məişət tullantılarının atıldığı konteyner və meydançalarının ətrafının, həmçinin küçələrin xüsusi texnika ilə yuyulması, eləcədə digər təmizlik və dezinfeksiya işləri görülmüşdür. Eyni zamanda ərazidə mövcud olan qazon örtüyünün və ağacların suvarılması, quru ağacların götürülməsi, ətraf mühit və insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənməsi işləri həyata keçirilmişdir. Toplanan məişət tullantıları müvafiq olaraq daşınmışdır.
    Qeyd edək ki, təmizlik işləri paytaxtın bütün rayonlarında aparılır və şəhərin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün bütün tədbirlər görülür. Həyata keçirilən işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
Keçidlər