Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günü münasibətilə silsilə tədbirlər keçirilmişdir

28 aprel 2025 | 16:48
      28 Aprel 2025-ci il tarixində Pirallahı rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günü münasibətilə rayon ərazisində fəaliyyət göstərən idarə-müəssisə, təşkilatlarda, o cümlədən, təhsil müəssisələrində silsilə tədbirlər keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının da iştirak etdiyi tədbirlərdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və  ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
      Rayon üzrə keçirilən tədbirlərin yekunu kimi 186 nömrəli tam orta məktəbdə “Zərifə Əliyeva – Nurlu ömrün zərrin izi” adlı anım tədbiri keçirilmişdir. Tədbir çərçivəsində akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuş, məktəblilər tərəfindən onun elmi irsi, ictimai fəaliyyəti və insani keyfiyyətləri barədə çıxışlar səsləndirilmiş, şeirlər təqdim edilmişdir.
Çıxış edən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev bildirmişdir ki, Zərifə xanım Əliyeva təkcə Azərbaycanın deyil, dünya tibb elminin parlaq simalarından biri olmuşdur. Onun oftalmologiya sahəsində apardığı tədqiqatlar bu sahənin inkişafına ciddi töhfələr vermiş, bir çox insanların görmə qabiliyyətinin bərpasına səbəb olmuşdur. Zərifə xanımın fəaliyyəti göstərir ki, elmə sevgi, insanlığa xidmət və fədakarlıq bir insanda necə vəhdət təşkil edə bilər. Onun həkim kimi mərhəmətli yanaşması, alim kimi ciddi elmi axtarışları, ana və həyat yoldaşı kimi ailəsinə bağlılığı hər bir insan üçün örnəkdir.
      Daha sonra çıxış edən “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin həkim oftalmoloqu Gülnar Axundova qeyd etmişdir ki, biz həkimlər üçün Zərifə xanım sadəcə bir alim deyil, həm də böyük mənəviyyat daşıyıcısıdır. Onun xəstələrə olan münasibəti, peşəsindəki prinsipiallığı, insanlara sevgi ilə yanaşması bu gün də bizim fəaliyyətimiz üçün yol göstəricidir.
      Sonda çıxış edən məktəbin direktoru Elzamin Həsənov vurğulamışdır ki, Zərifə xanım Əliyevanın həyatı bugünkü gənclik üçün canlı dərsdir. Onun həyat yolunu təhlil etdikdə görürük ki, elm, zəhmət, vətənə və ailəyə bağlılıq prinsipləri onun uğurlarının əsasını təşkil etmişdir. Məktəblilərimizin bu dəyərləri mənimsəməsi, onun kimi məqsədyönlü və vətənpərvər böyüməsi üçün biz müəllimlər üzərimizə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməliyik.
       Sonda xatirə şəkli çəkdirilmişdir.
Keçidlər