Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 103 illiyinə həsr olunmuş tədbir keçirilib

28 aprel 2026 | 14:19
         28 Aprel 2026-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş "Nurlu baxışların müəllifi" başlıqlı tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Bələdiyyəsinin və Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həkimlər və Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak edib.
        Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın və  ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Zərifə xanım Əliyevanın nurlu həyat yoluna həsr olunmuş video-çarx nümayiş etdirilib.
       Tədbirdə ilk olaraq Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək bildirib ki, akademik Zərifə xanım Əliyevanın həyat yolu hər birimiz üçün nümunədir. Onun elmə sədaqəti, insanlara göstərdiyi qayğı və xeyirxah fəaliyyəti Azərbaycanın səhiyyə sisteminin inkişafında əvəzsiz rol oynayıb. Zərifə xanımın yaratdığı elmi məktəb bu gün də tələbələr və həkimlər tərəfindən uğurla davam etdirilir, onun idealları və fədakarlığı gələcək nəsillər üçün örnək təşkil edir. RİH başçısı onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev həmişə Zərifə xanımın peşəkarlığını və insanlıq keyfiyyətlərini yüksək qiymətləndirib, onun elmi fəaliyyətini və xeyirxah işlərini xüsusi vurğulayıb. Eyni zamanda, Zərifə xanım yüksək humanist dəyərlərlə övladlarını tərbiyə edərək, onların xalq qarşısında məsuliyyətini formalaşdırıb. Onun böyüdüb, boya başa çatdırdığı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün çoxşaxəli fəaliyyəti ilə həm ölkəmizin daxili inkişafına, həm də beynəlxalq arenada Azərbaycanın mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Prezidentimizin ardıcıl və düşünülmüş siyasəti Cənubi Qafqazda sabitliyin qorunmasına və sülhün təşviqinə böyük töhfə verir. Bu siyasətin nəticəsi olaraq İlham Əliyev yaxın günlərdə daha bir ali mükafatla, “Sülh və Barışıq üçün Gernika mükafatı” ilə təltif edilmişdir ki, bu da Azərbaycanın sülh təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Azərbaycanın əldə etdiyi bu uğurlar xalqımızın milli birliyini və dövlətimizin gücünü daha da möhkəmləndirir.
      Daha sonra çıxış edən “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin direktor müavini Fəranə Gözəlova Zərifə Əliyevanın Azərbaycan oftalmologiya elminin inkişafında müstəsna rol oynadığını vurğulayıb. O bildirib ki, alim zəngin elmi fəaliyyəti ilə bu sahəni dünya səviyyəsində tanıdaraq iridodiaqnostika kimi mühüm istiqamətləri klinik praktikaya gətirib. O, həmçinin traxoma ilə mübarizədə və peşə xəstəliklərinin araşdırılmasında böyük xidmətlər göstərib. Fəranə Gözəlova Zərifə Əliyevanın həkim etikası və humanizm prinsiplərinin bu gün də аktuallığını qoruduğunu qeyd edib.
        Çıxış edən “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin həkim-oftalmoloqu Sevinc Camıyeva isə çıxışında Zərifə Əliyevanın çoxşaxəli elmi irsindən bəhs edib. O bildirib ki, alim göz xəstəliklərinin diaqnostika və müalicəsi sahəsində mühüm tədqiqatlar apararaq xüsusilə traxomanın aradan qaldırılmasına böyük töhfə verib. Zərifə Əliyevanın lakrimologiya və iridodiaqnostika sahəsində yazdığı əsərlərin bu gün də həkimlər üçün əsas elmi mənbələrdən biri olduğu vurğulanıb. Sevinc Camıyeva onun elmi və mənəvi irsinin gələcək nəsillər üçün örnək olduğunu qeyd edib.
        Çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı Rayon təşkilatının sədri Emil Abasov qeyd edib ki, Zərifə Əliyeva Azərbaycan cəmiyyətində yalnız görkəmli alim kimi yox, həm də fəal ictimai xadim kimi dərin iz qoymuşdur. Zərifə xanımın səhiyyə sahəsində həyata keçirdiyi təşəbbüslər və insanlara xidmət prinsiplərinə əsaslanan fəaliyyəti bu gün də aktuallığını qoruyur. Vurğulanıb ki, onun ictimai fəaliyyəti humanizm, xeyirxahlıq və yüksək mənəvi dəyərlər üzərində qurulmuşdur. Emil Abasov onu da qeyd edib ki, Zərifə Əliyevanın zəngin irsi bu gün də Azərbaycan cəmiyyətində böyük ehtiramla yad olunur və yaşadılır.
       Yekun olaraq çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova qeyd edib ki, Zərifə Əliyevanın həyat yolu yüksək mənəvi keyfiyyətlərlə zəngindir. Zərifə xanım ailə dəyərlərinə sadiqliyi ilə nümunəvi həyat yoldaşı və qayğıkeş ana obrazını ən yüksək səviyyədə təcəssüm etdirib. O, Ümummilli Lider Heydər Əliyevin ən yaxın silahdaşı, etibarlı dostu və mənəvi dayağı olmuşdur. Eyni zamanda, onun övladlarının tərbiyəsində göstərdiyi diqqət və məsuliyyət gələcək liderin formalaşmasında mühüm rol oynayıb. Zərifə xanımın ailəsində formalaşdırdığı sağlam mənəvi mühit hörmət, sadəlik və qarşılıqlı anlayış üzərində qurulmuşdu. Onun xeyirxahlığı və insanlara səmimi münasibəti təkcə peşə fəaliyyətində deyil, ailə həyatında da aydın şəkildə özünü göstərirdi. Çıxışda həmçinin vurğulanıb ki, Zərifə Əliyevanın mənəvi irsi və həyat fəlsəfəsi yalnız bir dövrün deyil, bütövlükdə Azərbaycan qadınının yüksək mənəvi-mədəni dəyərlərinin təcəssümü kimi gələcək nəsillər üçün daim örnək olaraq qalacaq. Bu irs bu gün Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilərək, milli-mənəvi dəyərlərin qorunması, humanitar sahələrin inkişafı və Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətlərlə daha da zənginləşdirilir.
Keçidlər