Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “ Heydər Əliyev İli” çərçivəsində növbəti ümumrayon tədbiri keçirildi: “Heydər Əliyev və Azərbaycan dili”

01 avqust 2023 | 15:25
      01 avqust 2022-ci il tarixdə Pirallahı rayonunda  “Heydər Əliyev İli” çərçivəsində  növbəti ümumrayon tədbiri keçirildi. “Heydər Əliyev və Azərbaycan dili” mövzusuna həsr olunmuş tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev, şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi Ilqar Fəhmi, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının və YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşları, Rayon Ağsaqqallar Şurasının üzvləri, rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər, məktəbdənkənar və tam orta təhsil müəssisələrinin pedaqoji kollektivləri, Qeyri-Hökümət Təşkilatlarının nümayəndələri, şəhid ailələri və müharibə veteranları iştirak etdilər.
    Rayon İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində Ümummilli lider Heydər Əliyevin büstü qarşısına gülqoyma mərasimi ilə başlayan tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Ümumilli lider Heydər Əliyevin və  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başladı. Daha sonra mövzu ilə əlaqədar video-çarx nümayiş olundu.
     RİH başçısının müavini İsmayıl Əliyev tədbiri giriş sözü ilə açaraq vurğuladı ki, bu gün “Heydər Əliyev İli” çərçivəsində sayca 13-cü tədbir keçirilir və ilin sonuna qədər bu qəbildən olan tədbirlər davam etdiriləcək. Daha sonra İ.Əliyev Ümummilli liderin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsindən söz açdı. Qeyd edildi ki, Ümummilli Lider Heydər Əliyevin genişmiqyasılı siyasi-ideoloji fəaliyyətində dil siyasəti çox mühüm yer tutmuş, Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Heydər Əliyev fenomeninin misilsiz xidmətləri olmuşdur. Ümummilli lider Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonundan (1969) - Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan etibarən ana dilinə böyük qayğı və diqqət göstərmişdir. Ulu öndərin bu istiqamətdə atdığı çoxsaylı addımlar sırasında şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi haqqında ayrıca maddənin daxil edilməsini xüsusi olaraq qeyd etmək lazımdır. Totalitar rejimin hökm sürdüyü, qatı rus millətçiliyi və şovinizminin baş alıb getdiyi keçmiş Sovetlər Birliyində bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi. Çıxışının sonunda İ.Əliyev qeyd etdi ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
      Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi Ilqar Fəhmi qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev 1971-ci ildən başlayaraq Azərbaycan yazıçılarının bütün ali məclislərində iştirak etmiş və onun iştirakı heç vaxt formal xarakter daşımamışdır. Proqram xarakterli geniş və dolğun nitqlərində o, Yazıçılar Birliyinin qarşısında dayanan vəzifələr, xalqın və dövlətin taleyində ədəbiyyatın yeri və rolu barəsində dəyərli fikirlər söyləmiş, söz ustalarımızı respublikamızın həyatında, onun inkişafında fəal mövqe tutmağa çağırmışdır. Hətta hakimiyyətdə olmadığı 1991-ci ildə də Heydər Əliyev yazıçıların dəvətini qəbul edərək onların X qurultayının işində iştirak etmişdir. Bu, ölkənin rəhbəri ilə yaradıcı ziyalılar arasında yaranmış çoxillik işgüzar və səmimi münasibətlərin bariz ifadəsi idi.
      Yekun olaraq çıxış edən 168 saylı tam orta məktəbin Azərbaycan –dili və ədəbiyyat müəllimi Sevda Alxasova bildirdi ki, hər bir xalqın ana dili onun varlığının ən başlıca göstəricisi, özünütəsdiqidir. Ana dili xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişi və mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini, əxlaqi davranışları və dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “xalqı xalq edən, milləti millət edən onun ana dilidir”.
Tədbirin sonunda Pirallahı rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində çalışan ana-dili və ədəbiyyat müəllimləri rayonun ictimai həyatında və Yeni Azərbaycan Partiyasının fəaliyyətində aktivliklərinə, eyni zamanda "01 Avqust - Azərbaycan Dili və Əlifbası Günü" ilə əlaqədar  Fəxri Fərmanlarla təltif olundular.
       Tədbir məktəblilərin Ümummilli lider Heydər Əliyevə və Azərbaycan dilinə həsr olunmuş kompozisiyaları ilə sona çatdı.
 
https://sia.az/az/news/heydaraliyev100/1078261.html
 
https://www.yeniazerbaycan.com/YAPxeber_e88154_az.html
 
https://unikal.az/news/390324
 
https://gununxeberi.az/index.php/gundem/65784
 
 
Keçidlər