Pirallahı rayonunda “Heydər Əliyev İli” çərçivəsində qanvermə aksiyası keçirildi
28 noyabr 2023 | 16:14
28 Noyabr 2023-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə qanvermə aksiyası keçirildi. Səhər saatlarından etibarən başlayan aksiya rayon ərazisində fəaliyyət göstərən idarə-müəssisə və təşkilatların, o cümlədən rayon ictimaiyyətinin yüksək fəallığı ilə müşahidə olundu.
Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov və Millət vəkili Rauf Əliyev aksiyada iştirak etdi. RİH başçısı iştirak edənlərə müraciətlə bildirdi ki, qan vermək insan sağlamlığına xidmət edən amillərdən biridir və verilən qan 2 ay müddətinə orqanizmdə bərpa olunur. RİH başçısı eyni zamanda bildirdi ki, aksiya zamanı toplanan qan talassemiya və qan azlığından əziyyət çəkənlərin müalicəsində istifadə ediləcəkdir.
Məlumat üçün qeyd edək ki, qanvermədən öncə bütün donorların zəruri müayinələrdən keçirilməsi prosesi baş tutdu. Aksiyada 600-dən yuxarı rayon sakini iştirak etdi. Sonrakı mərhələdə toplanan qan komponentləri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə etmək üçün Mərkəzi Qan Bankında toplanacaqdır.