Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” və “Böyük alim, sədaqətli həyat yoldaşı, qayğıkeş ana - Zərifə Əliyeva 100” mövzularına həsr olunmuş tədbir keçirilmişdir

28 aprel 2023 | 15:33
     28 aprel 2023-cü il tarixində Gənclər Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” və “Böyük alim, sədaqətli həyat yoldaşı, qayğıkeş ana - Zərifə Əliyeva 100”  mövzularına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Millət vəkilləri, Milli Məclisin “Əmək və sosial siyasət”  və “Ailə, qadın və uşaq məsələləri” komitələrinin üzvü Rauf Əliyev, Milli Məclisin “Ailə, qadın və uşaq məsələləri” və “Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr” komitələrinin üzvü Ramin Məmmədov, YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən səhiyyə, ümumtəhsil, mədəniyyət və istehsalat müəssisələrinin və Qeyri-Hökümət Təşkilatlarının rəhbərləri iştirak etdilər.
     Tədbirdən öncə RİH başçısı və qonaqlar Rayon İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində yerləşən Ümummilli lider Heydər Əliyevin büstü qarşısına gül dəstələri qoymuşdur.
    Tədbirdə ilk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın və  ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
    Daha sonra Ümummilli lider Heydər Əliyevin və oftalmoloq alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunmuşdur.
    Tədbiri giriş nitqi ilə açan millət vəkili, Milli Məclisin “Ailə, qadın və uşaq məsələləri” və “Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr” komitələrinin üzvü Ramin Məmmədov qeyd etmişdir ki, Azərbaycanın son onilliklər ərzində qazandığı uğurlar Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Heydər Əliyevin  Azərbaycana rəhbər seçilməsi ilə ölkəmizdə sürətli və uzunmüddətli inkişafın əsası qoyuldu. Ulu öndərin adı ilə bağlı olan bu tendensiya bu gün də cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək dinamika ilə davam etməkdədir. Natiq vurğulamışdır ki, gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim - Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətlərini bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir.
      Millət vəkili, Milli Məclisin “Əmək və sosial siyasət”  və “Ailə, qadın və uşaq məsələləri” komitələrinin üzvü Rauf Əliyev çıxış edərək bildirmişdir ki, Azərbaycan tarixinin Heydər Əliyev dövrü təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnməyir, mahiyyətcə yeni tarixin formalaşması kimi tarixə həkk olunmuşdur. Heydər Əliyev zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamış, xalqımız Ulu öndərin adını milli tariximizə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi daxil etmişdir. Natiq Zərifə xanım haqqında danışarkən bildirmişdir ki, görkəmli alim özünün işıqlı və humanist peşəsi, yenilikçi və faydalı fəaliyyəti ilə minlərlə insana xöşbəxtlik bəxş etmişdir. XX əsr Azərbaycan oftalmologiya məktəbinin yaradıçılarından biri olan akademik Zərifə xanım Əliyeva tanrının sevdiyi və əbədi yaşarlılıq haqqı verdiyi seçilmişlərdəndir.
     “Pirallahı Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin direktor müavini Fəranə Gözəlova çıxış edərək bildirmişdir ki, Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsinə, o cümlədən, Azərbaycanda traxomanın kökünün kəsilməsinə böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır. Zərifə Əliyeva 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifidir.
     Yeni Azərbaycan Partiyası Pirallahı rayon Təşkilatının sədri Emil Abasov öz çıxışında qeyd etmişdir ki, milli-mənəvi özünüdərkin yüksəlişi və milli ideyanın gerçəkləşməsi uğrunda Heydər Əliyev respublikaya rəhbərlik etdiyi ilk dövrdə azərbaycançılıq məfkurəsinin möhkəmlənməsi, milli ruhun, milli-mənəvi özünüdərkin, mədəniyyətin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması istiqamətində mühüm işlər görmüşdür. Heydər Əliyevin siyasi himayədarlığı və öndərliyi ilə həyata keçirilən bu ilkin tərpəniş uzunmüddətli bir mübarizə və mücadilənin əsasını qoyaraq, öncə Azərbaycan ziyalılarını, daha sonra isə bütün xalqı strateji məqsədlər üçün səfərbər etdi. O illərdə Azərbaycan xalqı öz dilini, ədəbiyyatını, tarixini, zəngin milli mədəniyyətinin rəngarəngliyini və çoxcəhətliliyini sanki təzədən qavrayır və yenidən qiymətləndirirdi. Ümummilli lider Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı, böyük alim, qayğıkeş ana Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı xidmətləri əvəzsizdir. Xalqımız hər zaman hər iki dahi şəxsiyyəti böyük hörmət və ehtiramla xatırlayacaqdır.
     Yekunda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi iki tarixi epoxada – sovet zamanında və müstəqillik dövründə tarixi ənənə və yurd sevgisi təməlləri üzərində milli ideologiyanın formalaşması və ölkəsinin tərəqqisi naminə müstəsna xidmətlər göstərib. Qüdrətli lider olaraq o, milli şüurun düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus adət-ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. Ulu öndər azərbaycançılığı milli ideologiyaya çevirməklə, vətəndaş həmrəyliyinə və ölkəsinin mənəvi bütövlüyünə nail olub. Ötən hər il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha təsdiqləyir.  V.İmanov vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 03 noyabr 2022-ci il tarixdə Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunması ilə bağlı Sərəncam imzalanmışdır. Dünya şöhrətli oftalmoloq-alim, Əməkdar Elm Xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü respublikamızın hər yerində olduğu kimi rayonumuzda da təntənəli şəkildə qeyd edilir. Zərifə xanımın özü cismən aramızda olmasa da, xalq onu sonsuz hörmət və məhəbbətlə xatırlayır. Bu mötəbər tədbirlər də Ulu öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın xatirəsinə dövlətin, xalqın sonsuz ehtiramının ifadəsidir.
 
 https://gununxeberi.az/index.php/gundem/60592

https://sia.az/az/news/heydaraliyev100/1053400.html

https://modern.az/aktual/408064/pirallahida-zerife-eliyevanin-100-illiyi-qeyd-edildi-fotolar

https://yeniazerbaycan.com/YAPxeber_e84216_az.html
 
Keçidlər