Pirallahı rayonunda “Heydər Əliyevin dövlətçilik fəlsəfəsində Yeni Azərbaycan Partiyasının yeri və rolu” başlıqlı dəyirmi masa keçirildi
20 noyabr 2023 | 16:14
20 Noyabr 2023-cü il tarixdə Pirallahı rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 31 illiyinə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik fəlsəfəsində Yeni Azərbaycan Partiyasının yeri və rolu” başlıqlı dəyirmi masa keçirilmişdir.
RİH başçısı Vasif İmanovun, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasovun, “Səs” Media Qrupunun təsisçisi və rəhbəri Bəhruz Quliyevin, RİH başçısı Aparatının məsul əməkdaşlarının və rayon ərazisində fəaliyyət göstərən səhiyyə, ümumtəhsil, mədəniyyət müəssisələrinin, Qeyri-Hökümət Təşkilatlarının nümayəndələrinin və fəal gənclərin iştirak etdiyi tədbir Ümummilli lider Heydər Əliyevin büstü qarşısına gülqoyma mərasimi ilə öz işinə başladı. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Dəyirmi masa YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov tərəfindən açıq elan edildi. Sədr Azərbaycan dövlətçiliyinin inkişafında Yeni Azərbaycan Partiyasının xidmətlərindən bəhs edərək vurğuladı ki, Ulu Öndər Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub. Bu izlərdən biri də Yeni Azərbaycan Partiyasıdır. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Emil Abasov onu da qeyd etdi ki, YAP Pirallahı rayon təşkilatı ən gənc rayon təşkilatı olmasına baxmayaraq, əldə etdiyi naliyyətlərlə psrtiyanın ümumi işinə öz töhfəsini verməkdədir. Ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində, sosial şəbəkələrdə aparılan təbliğat işlərində, gənclərin siyasi maarifləndirilməsində Pirallahı rayon təşkilatı hər zaman aktivlik nümayiş etdirir.
Daha sonra çıxış edən “Səs” Media Qrupunun təsisçisi və rəhbəri Bəhruz Quliyev vurğuladı ki, Yeni Azərbaycan Partiyasının yaranması ilə respublikamızın ictimai-siyasi həyatında yeni tarixin əsası qoyuldu. Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan partiya keçdiyi 31 il ərzində özünü bütün mənalarda təsdiq edərək, tarixin yeni çalarlarını özündə birləşdirməyi bacardı. B.Quliyev qeyd etdi ki, ümummilli liderimizin layiqli siyasi varisi, möhtərəm Prezidentimiz cənab İlham Əliyev YAP-a rəhbərliyi dövründə əzmkarlıq və yaradıcılıq nümayiş etdirilərək partiyanın siyasi gücü əhəmiyyətli dərəcədə artırılıb və ölkənin siyasi mühitinin hakim təşkilatına çevrilib.
Növbəti olaraq Partiyanın qocaman üzvlərindən Duman Zeynalov və gənc fəallardan Nərmin Əhmədli çıxış etdilər. D.Zeynalov bildirdi ki, Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqına sevgi, dövlətinə sədaqətlə xidmət edib, ölkəsinin bütün ağır vaxtlarında xalqı ilə çiyin-çiyinə olmuşdur. Bu gün xoşbəxtik ki, Ulu öndərin arzuladığı Azərbaycanda yaşayıb, yaradırıq, çalışırıq. Xoşbəxtik ki, onun ideyaları bu gün də yaşayır. N.Əliyeva isə çıxışında partiyanın gənclərin həyatındakı roluna diqqət çəkdi. Qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının hər bir gənc fəal üzvü yolunun buradan keçməsindən böyük qürur hissi duyur və üzərində böyük bir məsuliyyətin olduğunu dərk edir.
Yekun olaraq çıxış edən RİH başçısı Vasif İmanov Yeni Azərbaycan Partiyasının aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 31 ildə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək əhəmiyyətli uğurlara imza atdığını qeyd etdi. Vurğulandı ki, Partiyanın banisi Ümummilli Lider Heydər Əliyevin müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən edib. O da qeyd edildi ki, bu gün Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, güclü sənaye və iqtisadi resurslara malik, dünya enerji bazarında söz sahibinə çevrilmiş, beynəlxalq siyasi arenada öz imzası olan, dünya ölkələrinin hesablaşmalı olduğu bir ölkəyə çevrilib. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirib. Nitqinin yekununda RİH başçısı Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın zəngin fəaliyyətini xatırladaraq onun partiyanın güclənməsində, inkişafında xüsusilə, gənclərin və qadınların partiyaya üz tutmasında böyük rolu olduğunu qeyd etdi. Mehriban Əliyevanın gördüyü işlər vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsi, idarəetmədə çevikliyin və funksionallığın artırılması, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsi baxımından əlamətdardır.
Sonda partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edildi və Yeni Azərbaycan Partiyasının yeni qəbul edilmiş himni iştirakçıların diqqətinə çatdırıldı.