Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda imtahanlarda yüksək nəticə göstərən tələbələrlə görüş keçirildi

06 sentyabr 2023 | 16:56
06 sentyabr 2023-cü il tarixdə Pirallahı rayonunda 2022-2023-cü tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə əldə edən tələbələrlə görüş keçirilib. Keçirilən görüşdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət,  Ailə, qadın və uşaq məsələləri komitəsinin və Hesablayıcı Komissiyanın üzvü  Rauf Əliyev, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Bakı şəhər Gənclər və İdman İdarəsi Pirallahı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vüqar Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, məktəb direktorları, 2022-2023-cü tədris ilində yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olunmuş məzunlar, onların valideynləri və müəllimləri iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar RİH-nin inzibati binasının birinci mərtəbəsində yerləşən Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək, qarşısına gül dəstələri düzdülər. Tədbirin rəsmi hissəsində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad  edildi.
Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov ali təhsil ocaqlarına qəbul imtahanlarından uğurla keçərək tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyət arzuladı və bildirdi ki, yüksək nəticələrlə universitetlərə qəbul olunmuş tələbələrlə görüş rayonumuzda ənənə halını almışdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğının bu gün də uğurla davam etdirildiyini və son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyini vurğulayan V.İmanov təhsil müəssisələrinin maddi-texniki bazasının və müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını da qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğıdan da söz açan natiq vurğuladı ki, Ulu öndər Heydər Əliyev tərəfindən ötən əsrin 70-ci illərində əsası qoyulan təhsil strategiyası ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanmış və bu gün dövlətçiliyimizin möhkəmlənməsində milli kadrlarımızın rolu əvəzsizdir. Natiq nitqinin yekununda 2020-ci ildə 44 günlük şanlı müharibə ilə  işgaldan azad olunan Şuşa, Zəngilan, Laçın və Füzulidə yeni tədris ilində bir neçə məktəbin açılacağını da qeyd edərək, bunun xalqımızı qürurlandırdığını və bizi qarşıya qoyulmuş strateji hədəflərimizə daha da yaxınlaşdırdığını vurğuladı.
Milli Məclisin üzvü  Rauf Əliyev çıxışında qeyd etdi ki, son illərdə ölkədə yeni məktəb bina və komplekslərinin tikintisi eyni zamanda köhnələrin əsaslı təmiri böyük vüsət alıb. Tədris prosesində gənclərimiz ən qabaqcıl texnologiyalardan, distant təhsil imkanlarından istifadə edirlər, ölkənin hər guşəsində müasir məktəb binaları, tədris avadanlıqları, sürətli internetə çıxışı olan kompüterlər, elektron lövhələr, zəngin fonda malik kitabxanalar, laboratoriyalar və idman zalları şagirdlərin istifadəsinə verilib. Vurğulandı ki, artıq, yaradılan şərait öz bəhrəsini verməkdədir. Ümumtəhsil məktəblərini bitirən gənclər ali və orta ixtisas məktəblərinə qəbulda yüksək nəticələr göstərir, ixtisaslı kadr kimi yetişərək ölkəmizin inkişafında, həyata keçirilən quruculuq tədbirlərində yaxından iştirak edirlər.
Daha sonra çıxış edən 168 saylı tam orta məktəbin məzunu, 2022-2023-ci tədris ilində Pirallahı rayonu üzrə ən yüksək nəticə əldə etmiş (620, Azərbaycan Tibb Universiteti, tibb fakültəsi) Əhmədli Nərmin Azər qızı çıxışını dahi rəhbər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamı ilə açaraq bütün məzunlar adından Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  və müəllimlərinə hədsiz minnətdarlıq hissini çatdıraraq, gələcəkdə savadlı və vicdanlı mütəxəssis olaraq vətənimizin inkişafı naminə əlindən gələni əsirgəməyəcəyinə söz verdi.
Çıxış edən YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov  ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərənləri, eləcə də onların timsalında tələbə adı qazanan bütün məzunları, onların valideynlərini və təhsil ictimaiyyətini təbrik etdi və vurğuladı ki, hər bir ölkənin gələcəyi təhsilin səviyyəsindən və gənclərin necə yetişməsindən asılıdır. Natiq onu da qeyd etdi ki, bu gün ölkədə gənclərin hərtərəfli yetişməsi, sağlamlığı, yüksək səviyyəli təhsil alması, faydalı istirahəti, sosial-maddi rifah halının yaxşılaşması üçün çoxsaylı tədbirlər həyata keçirilir. Ölkə gənclərinin üzərinə düşən vəzifə isə yaradılan şəraitdən səmərəli istifadə etmək, gənclik illərini faydalı məşğuliyyətə həsr etmək, harada olmasından asılı olmayaraq dövlətin, xalqın mənafeyini uca tutmaqdır.
Növbəti olaraq çıxış edən 168 nömrəli tam orta məktəbin direktoru Elnur Bayramov, Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov və Şakir Mikayılov tələbə adını qazanmış gənclərə öz tövsiyyələrini verərək, onlara qazandıqları bu uğurları dövlətimizin inkişafı və çiçəklənməsi naminə sərf edəcəklərinə əminliklərini bildirdilər.
Tədbirin sonunda qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlar və təhsilin inkişafında, gənc nəslin təlim-tərbiyəsində yüksək nailiyyətlər əldə etdiyinə görə bir qrup müəllim RİH tərəfindən mükafat və Fəxri Fərmanlarla təltif olundular.
Tədbir xatirə şəklinin çəkdirilməsi ilə sona çatdı.

 

Keçidlər