Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı maarifləndirici tədbir keçirilib

15 iyul 2025 | 17:49
       İyulun 15-də Pirallahı rayonunda “Kənd təsərrüfatının siyahıyaalınması” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirə aidiyyəti dövlət qurumlarının nümayəndələri, icra nümayəndəliklərinin əməkdaşları, bələdiyyə sədri və üzvləri, eləcə də bu sahədə fəaliyyət göstərəcək sayıcılar qatılıblar.
       Tədbirdə qeyd olundu ki, cari ilin 15 iyul–15 avqust tarixləri arasında ölkə üzrə kənd təsərrüfatının siyahıyaalınması həyata keçiriləcək. Bu prosesin əsas məqsədi sahə üzrə dəqiq və etibarlı statistik məlumatların toplanması, habelə icraçılar üçün zəruri təlimatların çatdırılmasıdır. Kənd təsərrüfatının siyahıyaalınması - ölkədə kənd təsərrüfatının bütün əsas aspektləri üzrə təfsilatı məlumat əldə etmək üçün aparılan kompleks statistik sorğudur. Bu sorğu torpaqdan istifadə vəziyyəti, əkin sahələrinin strukturu, suvarma, mal-qaranın sayı və sürü dövriyyəsi, təsərrüfatların istehsal göstəriciləri, əmək resursları və digər imkanları barədə geniş məlumat almaq fürsətini verir. Siyahıyaalmanın keçirilməsi təkcə kənd təsərrüfatı sektorunun mövcud vəziyyətini qiymətləndirməyə deyil, həm də onun güclü və zəif tərəflərini görməyə, bu sahədəki tendensiyaları müəyyən etməyə imkan verir. Bu mühüm informasiya mənbəyi dövlət tərəfindən fermerlərə dəstək üçün effektiv strategiya və proqramların işlənib hazırlanmasında, eyni zamanda aqrar sektora cəlb ediləcək investisiyaların istiqamətinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın 5.1.2.9-cu bəndində 2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı tədbir öz əksini tapır. Bu Sərəncamın icrası olaraq “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli, 357 nömrəli Qərarı ilə ölkə üçün müstəsna əhəmiyyətə malik olan bu tədbirin 2025-ci ilin 15 iyul - 15 avqust tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur.
       Çıxışlarda siyahıyaalmanın mahiyyəti, əhatə dairəsi və əhəmiyyəti vurğulanıb, metodoloji əsasları və həyata keçirilmə mərhələləri barədə ətraflı izahlar təqdim olunub.
       Sonda iştirakçılar mövzu ilə bağlı suallarını səsləndirib, fikir mübadiləsi aparılıb.
Keçidlər