Pirallahı rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş konfrans keçirildi
12 noyabr 2025 | 16:03
12 Noyabr 2025-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş konfrans keçirildi.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, başçının müavinləri İsmayıl Əliyev və Zülfiyyə Məmmədhüseynova, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, eləcə də rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak etdilər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş igid övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra mövzuya həsr olunmuş videoçarx nümayiş etdirildi.
Çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov qeyd etdi ki, Konstitusiya hər bir dövlətin siyasi sisteminin əsasını təşkil edir və ölkənin inkişaf istiqamətlərini müəyyənləşdirir. O qeyd etdi ki, Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul edilmiş, 2002, 2009, və 2016-cı illərdə keçirilmiş referendumlarla bir neçə dəfə dəyişikliklərə məruz qalmışdır. Emil Abasov həmçinin bildirdi ki, Konstitusiyanın 48 maddəsi bilavasitə insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunmuşdur. Bu maddələr beynəlxalq hüquqi sənədlərə uyğun olaraq hazırlanmış və bütün vətəndaşların – dilindən, dinindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq – bərabər hüquqlara malik olmasını təmin etməkdədir.
Daha sonra çıxış edən RİH başçısı Aparatının şöbə müdiri Samir Hüseynov və baş məsləhətçi Etibar Quliyev Konstitusiya Gününün əhəmiyyətindən bəhs etdilər. S.Hüseynov vurğuladı ki, bu gün demokratik prinsiplərə əsaslanan Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illik yubileyi qeyd olunur. O bildirdi ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçiliyimizin möhkəmlənməsinə, milli suverenliyimizin bərqərar olmasına verilən xüsusi önəmin bariz göstəricisidir. Bu Sərəncam, eyni zamanda, hüquqi dövlətə sadiqlik, Konstitusiyaya hörmət və onun müddəalarının icrasında vətəndaş məsuliyyətinin artırılması istiqamətində mühüm bir çağırışdır.
Etibar Quliyev öz çıxışında qeyd etdi ki, hər bir suveren dövlətin mövcudluğu onun Konstitusiyasına əsaslanır. Konstitusiya vətəndaşların hüquqlarının qorunması, dövlət idarəçiliyinin səmərəliliyi və qanunun aliliyinin təmin olunması baxımından müstəsna əhəmiyyətə malikdir. O vurğuladı ki, suverenlik və Konstitusiya anlayışları bir-birini tamamlayan, dövlət quruculuğunun ayrılmaz tərkib hissələridir. Konstitusiya dövlətin hüquqi təməlini formalaşdırırsa, suverenlik onun siyasi və milli kimliyini müəyyən edir.
Yekun olaraq çıxış edən RİH başçısının müavini Zülfiyyə Məmmədhüseynova öz nitqində Ümummilli Lider Heydər Əliyevin Konstitusiyanın qəbulundakı tarixi rolu və Prezident İlham Əliyevin konstitusion inkişafın təmin olunması istiqamətində həyata keçirdiyi islahatlar barədə ətraflı məlumat verdi. Z.Məmmədhüseynova qeyd etdi ki, 1995-ci il noyabrın 12-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizin siyasi və hüquqi inkişafında mühüm dönüş nöqtəsi oldu. Konstitusiya dövlətin idarəçilik formasını, hakimiyyət bölgüsü prinsipini, insan hüquq və azadlıqlarının üstünlüyü prinsipini təsbit etdi. O bildirdi ki, bu sənəd Azərbaycan dövlətinin demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının bünövrəsini qoydu. Z.Məmmədhüseynova əlavə etdi ki, sonrakı illərdə həyata keçirilmiş konstitusiya islahatları ölkənin sosial-iqtisadi və siyasi inkişaf mərhələsinə uyğun olaraq idarəçilik sisteminin təkmilləşdirilməsinə, insan hüquqlarının daha səmərəli müdafiəsinə və dövlət idarəetməsində çevikliyin artırılmasına xidmət edib. O vurğuladı ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar, o cümlədən elektron idarəetmə, şəffaflıq və vətəndaş məmnunluğuna əsaslanan dövlət xidmətləri sistemi Konstitusiyanın prinsiplərinə tam uyğun şəkildə reallaşdırılır. Z.Məmmədhüseynova bildirdi ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən tədbirlər dövlətçiliyimizin əsaslarını möhkəmləndirir və Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini təsdiqləyir.






