Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Milli Dirçəliş Günü” qeyd olundu

17 noyabr 2025 | 16:40
14–17 noyabr 2025-ci il tarixlərdə Pirallahı rayonu, 186 və 243 nömrəli tam orta məktəblərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Milli Dirçəliş Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilib. Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, məktəblərin pedaqoji heyəti və şagird kollektivləri iştirak ediblər.
14 noyabr 2025-ci il tarixdə 243 nömrəli tam orta məktəbdə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra məktəbin tarix müəllimi Famil Hüseynov “Milli Dirçəliş Günü”nün mahiyyəti barədə geniş məruzə ilə çıxış edərək bildirib ki, xalqımızın azadlıq mübarizəsinin mühüm mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpasında tarixi rol oynayıb.
17 noyabr 2025-ci il tarixdə 186 nömrəli tam orta məktəbdə təşkil edilən tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, şöbənin baş məsləhətçisi Xəyalə Cavanşirli, məktəbin direktoru Elzamin Həsənov və müəllim kollektivi iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, həmçinin şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan olunub. Məktəbin direktoru E. Həsənov giriş nitqi ilə çıxış edərək qeyd edib ki, 1988-ci il 17 noyabr tarixində Bakının mərkəzində – Azadlıq Meydanında toplaşan xalq kütlələri 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldıraraq bütün dünyaya xalqımızın azadlığa layiq olduğunu sübut etmişdir. Respublikanın bütün bölgələrini əhatə edən kütləvi etirazlar dekabrın 4-dək davam etmiş və SSRİ-də ən genişmiqyaslı hərəkatlardan biri olmuşdur. Həmin hadisələr xalqın milli azadlıq iradəsinin formalaşmasında mühüm rol oynayaraq Azərbaycanın müstəqilliyə gedən yolunu daha da möhkəmləndirmişdir.
Arzu Abdullayev çıxış edərək tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. O vurğulayıb ki, xalqın istiqlal mübarizəsinin əsas mərhələlərindən olan 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpasında tarixi rol oynayıb. Arzu Abdullayev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın milli-siyasi azadlıq hərəkatında yeni mərhələ başlanıb. Ulu Öndərin o gərgin illərdə Naxçıvanda gördüyü böyük işlərdən danışan A. Abdullayev diqqətə çatdırıb ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirilib. Ümummilli Liderin sədrliyi ilə keçirilən həmin sessiyanın qərarı ilə muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarılıb. Arzu Abdullayev bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də keçirilən sessiyasındakı çıxışında SSRİ-dən imtinanın və müstəqillik uğrunda mübarizənin vacibliyini məntiqi şəkildə əsaslandırıb. Məhz həmin sessiyada Azərbaycan SSR-in adı dəyişdirilərək Azərbaycan Respublikası adlandırılıb və üçrəngli bayrağımız Dövlət Bayrağı kimi təsdiqlənib.
Tədbirin sonunda tarixi hadisələrin şahidləri olan müəllimlər – Mübariz Xudaverdiyev, Gülşən Cəbrayılova, Tutu Əliyeva, Həqiqət Nuriyeva və Samirə Umudova çıxış edərək həmin günlərdə xalq arasında hökm sürən birlik, həmrəylik və vətənpərvərlik hisslərindən söz açıblar. Tədbir Vətən müharibəsində qazanılan Zəfərin xatırladılması, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna minnətdarlıq fikirləri ilə yekunlaşıb.
Keçidlər