Pirallahıda “Laçın şəhəri günü” qeyd edildi
24 avqust 2023 | 14:40
24 avqust 2023-cü il tarixdə Pirallahı rayon İcra Hakimiyyətinin və Pirallahı rayonu ərazisində fəaliyyət göstərən Laçın rayon M.Müseyibov adına Bozlu kənd orta məktəbinin birgə təşkilatçılığı ilə “Azad Laçın” başlıqlı tədbir keçirildi.
Pirallahı və Laçın Rayon İcra Hakimiyyətlərindən, YAP Pirallahı rayon təşkilatından, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məsul şəxslərin, həmçinin, rayon ərazisində fəaliyyət göstərən Qeyri-Hökümət təşkilatlarının nümayəndələrinin, Laçın rayon sakinlərinin, Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin iştirak etdiyi tədbir “4 saylı Uşaq-gənclər İnkişaf Mərkəzi” PHŞ-nin və Xəzər rayon MKS-nin 2 saylı filialının təşkilatçılığı ilə baş tutan rəsm və kitab sərgisi ilə öz işinə başladı. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndəsi tədbiri giriş sözü ilə açaraq “Laçın şəhəri günü”nün Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis olunduğunu xatırlatdı və artıq rayonlarımızın işğal tarixlərinin yox, azadlıq tarixlərinin qeyd edilməsindən qürurlandığını ifadə etdi. Eyni zamanda o da vurğulandı ki, ən qədim yaşayış məskənlərimizdən biri olan Laçın zəngin və ecazkar təbiəti ilə doğma Vətənimizin şanlı tarixini qəlbində yaşadan əziz yurdumuzdur.
Daha sonra Dövlətqaçqınkomun Xəzər rayon sektorunun baş məsləhətçisi İlqar Məmmədov çıxış edərək məcburi köçkünlərin doğma yurdlarına Qayıdış Proqramının icrasına başlanıldığını və Laçın şəhəri, Zabux və Sus kəndindən olan ailələrlə işin davam etdirildiyini bildirdi. Dövlət Komitəsinin Böyük Qayıdışa hazırlıq məqsədilə həyata keçirdiyi tədbirlər barəsində görüş iştirakçılarına ətraflı məlumat verildi. Bir daha diqqətə çatdırıldı ki, məcburi köçkünlüyü başa çatan vətəndaşların könüllü, təhlükəsiz şəraitdə və ləyaqətlə doğma yurda qayıdışını təmin etmək üçün dövlətimizin başçısının tapşırığı ilə bütün lazımi tədbirlər həyata keçirilir.
Növbəti olaraq Laçın rayon Müseyib Müseyibov adına Bozlu kənd orta məktəbinin adını daşıdığı şəhid Museyib Yusif oglu Museyibovun bacısı Kəmalə Həşimova çıxış edərək Laçının azadlıq xəbərinin onlar üçün misli görünməmiş bir sevinc olduğunu və qardaşının adını daşıyan təhsil ocağında olmağın onu və ailəsini qürurlandırdığını bildirdi. Daha sonra çıxış edən Şəhid Milli Qəhrəman Kamil Nəsibovun bacısı Adilə Paşayeva da şəhidlərimizin ruhuna göstərilən dərin ehtiram və onların ailə üzvlərinə göstərilən diqqət və qayğı üçün ölkə rəhbərliyinə minnətdarlığını ifadə etdi.
Laçın rayon Pircahan kənd sakini Məhyəddin İmamverdiyev bildirdi ki, laçınlılar doğma yurda qayıdıb, onun sosial-iqtisadi inkişafına, işğalın fəsadlarının aradan qaldırılmasına töhfə verməyə, dağlar qoynundakı şəhərlərini dirçəltməyə hazırdırlar.
Yekunda çıxış edən Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Abbasova Nazilə yüksək səviyyədə baş tutan tədbirin təşkilatçılığı üçün Pirallahı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür etdi. Natiq tezliklə Laçına qayıdacaq keçmiş məcburi köçkünlərin çox böyük sevinc hissi keçirdiklərini və onlara yaradılan şəraitə və göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıq bildirdiklərini ifadə etdi.
Tədbir məktəblilərin böyük zəfərimizə və Laçın şəhərinə həsr olunmuş kompozisiyaları ilə sona çatdı. Sonda xatirə şəkli çəkdirildi.