Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Maslenitsa” bayramı qeyd edildi

21 fevral 2023 | 16:26
     Fevralın 21-də Azərbaycan Rus icmasının təşkilatçılığı ilə Pirallahı qəsəbəsində yerləşən “F-Marine” istirahət Mərkəzində ənənəvi slavyan bayramı olan  “Maslenitsa”ya həsr olunmuş tədbir keçirilmişdir. Təbirdə Azərbaycan Rus İcmasının sədri, millət vəkili Mixail Zabelin, millət vəkili Rauf Əliyev, Bakı şəhər rus Mədəniyyət Mərkəzinin direktoru Qalina Manafova, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, başçının müavini İsmayıl Əliyev, YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov, şəhid ailələri və rus icmasının üzvləri iştirak etmişlər.
      Tədbiri giriş nitqi ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov “Maslenitsa” bayramı münasibətilə ölkəmizdə yaşayan bütün rus icmasının üzvlərini təbrik edərək qeyd etmişdir ki, tolerantlığı ilə bütün dünyada tanınan Azərbaycanda yaşayan ruslar üçün hər cür şərait yaradılmışdır. Respublikamızda millətlərarası münasibətlərin, tolerantlığın, multikulturalizmin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan əhalisinin milli tərkibində müxtəlif xalqların nümayəndələri ilə yanaşı ruslar da yaşayırlar. Onlar öz adət-ənənələrini və mədəniyyətlərini qoruyub saxlamaqla yanaşı, ölkəmizin tamhüquqlu vətəndaşları kimi milli bayramlarını layiqincə qeyd edirlər. Azərbaycan və Rusiya arasında qarşılıqlı və səmimi münasibətlərin göstəricisidir ki, slavyan xalqlarının qədim bayramlarından olan “Maslenitsa” ölkəmizdə hər il keçirilir. Bu bayramın mahiyyətindən danışan natiq qışın yola salınması, yazın gəlişi ilə bağlı olduğunu vurğulayaraq qeyd etmişdir ki, qışın (köhnəliyin) rəmzi olan “Maslenitsa” müqəvvasının yandırılması bizim Novruz öncəsi qeyd etdiyimiz ilaxır çərşənbələri xatırladır. Azərbaycanlılarla bərabər rusların da ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirak etdiyini vurğulayan V.Səfixanov 44 günlük Vətən müharibəsində rusəsilli Azərbaycan vətəndaşlarının da torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətdən bəhs etmişdir. Beynəlmiləl tərkibi, etnik zənginliyi ilə seçilən Pirallahı rayonunda da tolerantlıq münasibətləri yüksək səviyyədə qurulmuş və bu gün keçirilən tədbir bunun ən bariz nümunələrindən biridir.
      Tədbirdə çıxış edən Azərbaycan Rus İcmasının sədri, millət vəkili Mixail Zabelin bildirdi ki, özünəməxsus milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan həm multikulturalizm prinsiplərini dünyada yayan nadir ölkələrdəndir. Qərblə Şərqi birləşdirən Azərbaycan fərqli sivilizasiyaların qovuşduğu məkan olaraq tarix boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Burada heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, cəmiyyətdə multikultural dəyərlər hakim olmuş, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər hökm sürmüşdür. Multikulturalizm Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl ənənəyə çevrilmişdir.
       Millət vəkili Rauf Əliyev çıxış edərək bildirdi ki, uzun əsrlərdir ki, ölkəmizdə müxtəlif millətlərə mənsub insanlar birgəyaşayış şəraitində tolerant həyat tərzi sürürlər. Ölkədə hər zaman azsaylı xalqlara, onların milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə hörmətlə yanaşılır. Bu gün doğma Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin inkişafı, möhkəmləndirilməsi üçün bütün zəruru siyasi və sosial şərait yaradılıb. Hər bir millətin nümayəndəsi ölkəmizdə sərbəst yaşayır, öz adət-ənənələrini, dinini, dilini qoruyub saxlayır, inkişaf etdirirlər. 2016-cı ilin “Multikulturalizm ili” elan olunması bunun bariz nümunəsidir. Multikulturalizm Azərbaycanın dövlət siyasəti və xalqımızın həyat tərzidir.
YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov çıxış edərək Azərbaycan-Rusiya münasibətlərindən danışaraq qeyd etdi ki, iki ölkə arasında tarix boyu dostluq və qonşuluq münasibətləri mövcud olmuşdur. Bu gün də iki ölkə arasında geniş siyasi və iqtisadi əlaqələr ən yüksək səviyyədə davam etdirilir. Azərbaycanda yaşayan rus xalqının nümayəndələri ölkəmizdə hər zaman toleriant şəkildə mehribancasına yaşamışdılar. Bu gün təşkil olunan bu bayram tədbiri də bu səmimi münasibətin göstəricisidir.
       Tədbirdə iştirak edən Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Yuri Kovalyovun qızı, Azərbaycanın rus icmasının üzvü Regina Kovalyova şəhid ailələrinə göstərilən dövlət qayğısından danışaraq ölkəmizin hər yerində olduğu kimi Pirallahı rayonunda yaşayan digər millətlərin, o cümlədən rusların hər cür qayğı ilə əhatə olunduğunu vurğuladı və  onlara göstərilən diqqət və qayğıya görə rus icması üzvləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi.
        Tədbirdə Azərbaycan rus icması tərəfindən onlara göstərdikləri dəstəyə görə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif  İmanov, başçının birinci müavini Vəzir Səfixanov, başçının müavini İsmayıl Əliyev, RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Samir Hüseynov, Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, Pirallahı rayon MKTB-nin rəisi Röyal Sarıməmmədov və Abşeronneft NQÇİ-nin rəis müavini Bəxtiyar Balakişiyev “Təşəkkürnamə” ilə təltif olundular.
       Bayram tədbiri rəngarəng rus musiqilərinin sədası altında şən əhval-ruhiyyədə davam etdi.
Keçidlər