Pirallahı rayonunda “Müasir dövrdə Azərbaycanda dövlət və din münasibətləri” mövzusuna həsr olunmuş tədbir keçirilmişdir
17 noyabr 2022 | 14:38
17 Noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Pirallahı rayonu 168 №li tam orta məktəbdə “Müasir dövrdə Azərbaycanda dövlət və din münasibətləri” mövzusuna həsr olunmuş tədbir keçirilmişdir. Azərbaycan Respublikası Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şöbəsinin baş məsləhətçisi Şirvan Süleymanovun, şöbənin məsləhətçisi Nuru İmanovun, Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxslərinin, Pirallahı RPŞ-nin nümayəndəsi Elvin Məmmədovun və məktəb kollektivinin iştirak etdiyi tədbirdə respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, ölkəmizdə tarixən mövcud olmuş tolerantlıq mühitinin qorunması, vətənpərvərliyin təbliği və müxtəlif dinlərə, məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət və mehribanlıq şəraitində birgəyaşayışının təmin olunması başlıqları ilə əlaqədar çıxışlar səsləndirilmişdir.
Çıxış edən natiqlər vurğulamışdır ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, hər zaman öz milli-mənəvi dəyərlərinə sadiq qalmışdır. Ölkəmizdəki dini dözümlülük, bütövlükdə tolerantlıq mühiti və mədəniyyəti Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq daha da möhkəmlənərək dövlət siyasətinin əsas istiqamətinə çevrilmişdir. Bu baxımdan Prezident İlham Əliyevin “Azərbaycanda dövlət-din münasibətləri sağlam təməl üzərində formalaşıb və inkişaf edir” fikri heç də təsadüfi söylənməmişdir. O da qeyd edilmişdir ki, ölkəmizdə 2020-ci ilin sentyabrın 27-dən başlanan qırx dörd günlük Vətən müharibəsində də dini vəhdətin şahidi olmuşduq. Müxtəlif dinlərə etiqad bəsləyən yüz minlərlə vətəndaşımızın Vətəni olduğu Azərbaycanın haqq savaşında düşmənə qarşı vuruşması və torpaqların işğaldan azad olunması üçün könüllü olaraq döyüşlərə qatılması bunun bariz nümunəsidir. Birinci Qarabağ müharibəsində yəhudi əsilli, şəhid Albert Aqarunovun göstərdiyi şücaət və fədakarlıq onu ölkəmizdə yaşayan bütün xalqların Milli Qəhrəmanına çevirdi. İkinci Qarabağ müharibəsində canını bu Vətənin torpaqlarının azadlığı uğrunda qurban verən rus əsilli Denis Aleksandr oğlu Əliyev və bir çoxları bu xalqın və bu cəmiyyətin övladlarındandır.