Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda mülki müdafiə məşqi keçirilib

21 sentyabr 2022 | 15:14

     Pirallahı Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft-qazçıxarma idarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirilib.

     Məşqə FHN-in Bakı Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin qüvvələri, Pirallahı rayon Fövqəladə Hallar Komissiyası və Mülki müdafiə qərargahı, ərazi mülki müdafiə qüvvələri, obyektin rəhbər heyəti və Mülki müdafiə dəstələrinin şəxsi heyəti, habelə Milli Aviasiya Akademiyasının tələbələri cəlb edilib.

     Mülki müdafiə məşqinin iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

     Məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb olunan heyətin mülki müdafiə sahəsində biliyinin artırılması, qüvvələr arasında qarşılıqlı fəaliyyətin təşkili və bu sahədə əməli vərdişlərin aşılanmasından ibarətdir.Məşq zamanı heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, eləcə də funksional vəzifələrlə bağlı məruzələr dinlənilib. Həmçinin, işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “qəza yerində” kəşfiyyatın təşkili, “xəsarət alanların qəza zonasından çıxarılması və onlara ilkin tibbi yardımın göstərilməsi”, habelə baş vermiş “yanğının söndürülməsi” zamanı obyekt qüvvələri ilə FHN-in hadisə yerinə cəlb olunan qüvvələri arasında qarşılıqlı fəaliyyət təşkil edilib. Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

     Təlimdən sonra Pirallahı rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov bildirib ki, rayon strateji mövqedə yerləşir, rayonda dövlət müəssisələri, əsasən də neft müəssisələri çoxluq təşkil edir: "Bu səbəbdən bu cür təlimlərin təşkili çox vacibdir. Təlim çox yüksək şəkildə təşkil olunub. Terror hadisələrinin, yanğın və partlayışların qarşısının alınması istiqamətində işlər aparıldı. Fövqəladə Hallar Nazirliyinə, Daxili İşlər Nazirliyinə, TƏBİB-ə, Dövlət Neft Şirkətinə təşəkkür edirəm".

     FHN-in Bakı Regional Mərkəzinin Suraxanı rayonu üzrə Fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi, mayor Toğrul Nəbiyev bildirdi ki, bugünkü təlim, FHN-nin Pirallahı rayonunda Abşeron neft və neft-qaz çıxartma idarəsində təşkil etdiyi məşq uğurla yekunlaşıb: "Məşqin məqsədi qəza xilasetmə və digər işlərin təşkili zamanı obyektin rəhbəri və komandir-rəis heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsidir. Fövqəladə halların nəticələrini aradan qaldırarkən hazırlıq vəziyyətinin yoxlanılması, obyektin hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin, eləcə də Pirallahı rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yaradılmış hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin hazırlıq səviyyələrinin yüksəldilməsi, qüvvələrin fəaliyyətini uzlaşdırılması və idarə etmənin təşkilindən ibarət olub. Məşq zamanı gördüyünüz kimi, fövqəladə hal baş vermiş ərazinin mühafizəsi təşkil olundu. Bu gün qarşımıza qoyan məqsədə nail olduq".

Keçidlər