Pirallahı rayonunda “Narkomaniya ilə mübarizə” mövzusunda tədbir keçirilib
2022-ci il aprelin 20-də Pirallahı Rayon 168 №li tam orta məktəbdə “Narkomaniya ilə mübarizə” mövzusunda tədbir keçirildi. Tədbirdə RİH başçısının birinci müavini Vəzir Səfixanov, Pirallahı rayon prokuroru Zaur Axundzadə, Pirallahı rayon Polis şöbəsinin rəisi Cümşüd İsmayılov və rayonda fəaliyyət göstərən 168 və 235 №li tam orta məktəblərin şagirdləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov açaraq bildirdi ki, yeniyetmə və gənclər arasında narkomaniya ilə bağlı maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsi zamanın tələbidir. Natiq qeyd etmişdir ki, rayonda narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və qarşısının alınması məqsədilə Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 2015-ci il 19 yanvar tarixli 06 nömrəli Sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya”sı, 25 dekabr 2014-cü il tarixli 78 nömrəli Sərəncamı ilə isə “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası”yaradılmışdır. Narkomaniyaya düçar olmuş insanların doğru yola çəkilməsi üçün maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu tədbir iştirakşılarının diqqətinə çatdıran V.Səfixanov bundan sonra da belə tədbirlərin keçirilməsinin zəruriliyini qeyd etdi.
Pirallahı rayon prokuroru Zaur Axundzadə çıxışında ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə çərçivəsində məktəb kollektivi ilə yanaşı valideynlərin də məsuliyyət daşıdığını qeyd etmiş, eyni zamanda müvafiq dövlət qurumları tərəfindən narkomaniyaya qarşı ciddi şəkildə mübarizə apardığını, yaranan problemlərin aradan qaldırılması istiqamətində müxtəlif proflaktik tədbirlərin həyata keçirdiyini bildirdi. Bununla yanaşı natiq narkomaniya ilə mübarizə və bu sosial bəlanın bütün cəmiyyəti əhatə etməməsi üçün maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş, səmərəli şəkildə aparılmasının vaciblliyini vurğuladı.
Pirallahı Rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov son illər rayonumuzda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanlarının fəallığının artığını qeyd edərək kompleks mübarizə tədbirlərinin tərkib hissəsi olaraq narkomaniya ilə mübarizə istiqamətində məktəblərdə və digər kollektiivlərdə bu məqsədlə çoxsaylı tədbirlərin həyata keçirildiyini qeyd etdi.
Pirallahı rayonu 168 №li tam orta məktəbin direktor müavini Türkel Abdıyeva çıxış edərək narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə ciddi fəsadlar vurduğunu bildirərək belə maarifləndirmə tədbirlərinin ümumtəhsil məktəblərində keçirilməsinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Sonda Pirallahı Tibb Mərkəzinin həkim infeksionisti Arzu Ağayeva çıxış edərək narkomaniyanın gəncliyimizin sağlamlığına vurduğu zərərlərdən və narkotik vasitələrin istifadəsi zamanı yayılan bir sıra infeksion xəstəliklərlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.