Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Narkomaniya ilə mübarizə” və “Kibercinayətkarlığa qarşı mübarizə” mövzularında maarifləndirici tədbir keçirilmişdir

13 dekabr 2024 | 17:32
       13 dekabr 2024-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən  168 nömrəli tam orta məktəbin akt zalında “Narkomaniya ilə mübarizə” və “Kibercinayətkarlığa qarşı mübarizə” mövzularında maarifləndirici tədbir keçirilmişdir.
       Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Pirallahı Rayon Polis İdarəsinin rəisi polis polkovniki Cümşüd İsmayılov, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, “Polis” qəzetinin redaktoru polis polkovnik leytenantı Hafiz Təmirov, təhsil, səhiyyə, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
       Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov bildirdi ki, narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Dövlət tərəfindən narkomaniyaya qarşı sərt mübarizə tədbirləri aparılır. Ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illərdə mühüm uğurlar əldə olunmuşdur. Natiq qeyd etmişdir ki, rayonda narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və qarşısının alınması məqsədilə Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 2015-ci il 19 yanvar tarixli 06 nömrəli Sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya”sı, 25 dekabr 2014-cü il tarixli 78 nömrəli Sərəncamı ilə isə “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası”yaradılmışdır.Belə ki, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərində və digər müəssisələrdə əsrin bəlası olan narkomaniyanın mənfi fəsadları haqqında genişmiqyaslı maarifləndirici tədbirlər mütəmadi olaraq həyata keçirilir.
       Pirallahı Rayon Polis İdarəsinin rəisi Cümşüd İsmayılov son illər rayonumuzda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanlarının fəallığının artığını qeyd edərək kompleks mübarizə tədbirlərinin tərkib hissəsi olaraq narkomaniya ilə mübarizə istiqamətində məktəblərdə və digər kollektiivlərdə bu məqsədlə çoxsaylı tədbirlərin həyata  keçirildiyini qeyd etdi.
      Eyni zamanda, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, “Polis” qəzetinin redaktoru polis polkovnik leytenantı Hafiz Təmirov və Ailə Sağlamlıq Mərkəzinin həkimi Almaz Abbasova qeyd etdilər ki, informasiyalaşdırma müasir cəmiyyətin həyatında xarakterik cəhətlərdən biri hesab olunur. Cəmiyyət tədricən öz informasiya infrastrukturunun vəziyyətindən müəyyən asılılıq vəziyyətinə düşür. Artıq qloballaşma və informasiya dövrünün tələblərinə müvafiq olaraq milli qanunvericilik sistemləri də əhəmiyyətli dərəcədə modern dəyişikliklərə məruz qalmaqdadır. Bu gün dünyanın əksər ölkələri surətlə inkişaf edən müasir İKT sistemlərinə nüfuz etdikcə milli qanunvericiliklərdə də müasir beynəlxalq hüquq norma və prinsiplərinin tələblərinə uyğun rasional dəyişiklik və inkişaf müşahidə olunur. Kibercinayətkarlığın qarşısının alınması, bu sahədə profilaktik, habelə digər təşkilatı-hüquqi mexanizmlərin müəyyən olunması istiqamətində ölkəmizdə kompleks işlər görülərək, bu cinayətlə mübarizə tədbirlərini əhatə edən normativ-hüquqi aktlar, Dövlət Proqramları, xüsusi layihələr qəbul edilməklə və icra olunmaqla digər sahəvi qanunvericilik normalarının inkişafına dövlətimiz tərəfindən əlavə dəstək verilir, müvafiq qurumlar tərəfindən maarifləndirici fəaliyyət həyata keçirilir.
        Tədbir zamanı video çarx nümayiş olunmuş, verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzu ətrafında açıq dialoq, izahat işləri aparılmışdır.
Keçidlər