Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Nərəkənd” parkında "Əziz Şuşa" beynəlxalq veloyürüşünün açılış mərasimi keçirilib

09 iyul 2022 | 14:44
     İyulun 9-da Bakı şəhərinin Pirallahı rayonunda “Nərəkənd” parkında "Əziz Şuşa" beynəlxalq veloyürüşünün açılış mərasimi keçirilib.
     Tədbirdə əvvəlcə iştirakçı komandalar təqdim olunduqdan sonra Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev çıxış edib. Mədət Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin adından yarış iştirakçılarını salamlayıb. Azərbaycanın dünyada nümunəvi, tolerant ölkə olduğunu bildirən federasiya prezidenti yarışın təşkilində əsas məqsədin dünya velosiped ailəsində sıx birləşmək olduğunu bildirib. O, əcnəbi hakimlərə və müxtəlif ölkələrdən olan idmançılara turnirə qatıldıqları üçün təşəkkürünü ifadə edib.
    Sonra Dövlət Himni səsləndirilib və turnir açıq elan edilib.
    İdmançılar birinci mərhələdə şose velosipedinin fərdi ötüşmə növündə 21 km məsafədə mübarizə aparıblar. Bu növ üzrə ən yüksək nəticə göstərən velosipedçi Azərbaycanın Elit milli komandasının kapitanı, Türkiyənin “Sakarya BB Pro Team” klubunun üzvü Elçin Əsədov olub. O, qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azərbaycanın elit milli komandasının digər üzvü Musa Mikayılzadə gümüş, Rumıniyanın “CSA Steaua Cycling Team” komandasının üzvü Sergey Tsvetkov isə bürünc medala layiq görülüb.
     Qeyd edək ki, iyulun 10-da gerçəkləşəcək ikinci mərhələyə isə Füzuli Beynəlxalq Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” hotelinin qarşısında yekun vurulacaq. İdmançılar sonuncu yarış günündə 71 kilometr məsafəyə qrup ötüşməsində güclərini sınayacaqlar. Yarışda 8 ölkəni təmsil edən 13 komandadan ümumilikdə 75 idmançı mübarizə aparır.
   
Keçidlər