Pirallahı rayonunda növbəti maarifləndirici tədbir keçirilib
25 may 2026 | 14:54
25 may 2026-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin və Pirallahı Rayon Prokurorluğunun təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin akt zalında “Gələcəyini qoru, narkotikə yox de!” və “Kibercinayətkarlığa qarşı mübarizə” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Pirallahı Rayon Polis İdarəsinin məsul nümayəndəsi, Pirallahı Rayon Prokurorluğunun məsul nümayəndələri, Pirallahı Tibb Mərkəzi” PHŞ-nin nümayəndəsi, Pirallahı məscidinin imamı, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.
Tədbir zamanı, mövzular ətrafında çıxış edən natiqlər qeyd ediblər ki, yeniyetmə yaş dövrü bütün uşaq yaş dövrlərinin ən çətin və vacib mərhələsini təşkil edir. Çünki onun tərkibinə şəxsiyyətin qurulması dövrü daxil olmaqla uşaqlıq və böyük yaş dövrü arasında keçid mərhələsini əhatə edir. Yeniyetmə yaşı sosial psixoloji cəhətdən keçid, dönüş yaşıdır, çünki bu dövrdə xasiyyətin formalaşması, yəni şəxsiyyətin əsaslarının formalaşması baş verir. Narkomaniyaya meyilliliyin yaranması ilə əlaqədar yeniyetmənin şəxsiyyətində, motivasiya-tələbat strukturunda əhəmiyyətli dəyişikliklər baş verir. Narkotiklərə meyilli olan yeniyetmələrdə iradə kimi xüsusiyyət, həmçinin dəyişikliyə məruz qalır. Qətiyyət ancaq narkotikin qəbuluna istiqamətlənən birtərəfli məna alır.
Eyni zamanda, Pirallahı Rayon Prokurorluğunun məsul nümayəndəsi bildirdi ki, narkomanların şəxsi keyfiyyət və xüsusiyyətləri, iradə zəifliyi, öz hərəkətlərini nəzarətdə saxlama bacarığının zəifləməsi, hərəkətlərini və əməllərini tənqidi cəhətdən qiymətləndirməyi bacarmamaları cəmiyyətəzidd davranış variantının seçilməsini asanlaşdırır, yalançılığa və riyakarlığa gətirib çıxarır ki, bu da onlar tərəfindən narkotikləri əldə etmə mənbələri, yəni yoldaşları (xüsusən də narkoticarətçilər) haqqında ifadə verməkdən imtina etmə və ya bilərəkdən yalan ifadə vermə və s. kimi ədalət mühakiməsi əleyhinə cinayətləri doğurur.
Bu gün dünyanın əksər ölkələri surətlə inkişaf edən müasir İKT sistemlərinə nüfuz etdikcə milli qanunvericiliklərdə də müasir beynəlxalq hüquq norma və prinsiplərinin tələblərinə uyğun rasional dəyişiklik və inkişaf müşahidə olunur. Kibercinayətkarlığın qarşısının alınması, bu sahədə profilaktik, habelə digər təşkilatı-hüquqi mexanizmlərin müəyyən olunması istiqamətində ölkəmizdə kompleks işlər görülərək, bu cinayətlə mübarizə tədbirlərini əhatə edən normativ-hüquqi aktlar, Dövlət Proqramları, xüsusi layihələr qəbul edilməklə və icra olunmaqla digər sahəvi qanunvericilik normalarının inkişafına dövlətimiz tərəfindən əlavə dəstək verilir, müvafiq qurumlar tərəfindən maarifləndirici fəaliyyət həyata keçirilib.
Sonda şagirdlərlə sual cavab formasında diskussiya aparılmış və şagirdlərə bukletlər paylanılmışdır.






