Pirallahı rayonunda növbəti maarifləndirici tədbirlər keçirilmişdir
14 fevral 2025 | 15:55
Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 13-14 fevral 2025-ci il tarixlərində Pirallahı qəsəbəsində fəaliyyət göstərən 168 və 186 nömrəli tam orta məktəblərdə müəllimlərin, yuxarı sinif şagirdlərinin və valideynlərin iştirakı ilə “Uşaqlar arasında narkomaniya və alkoqolizmin qarşısının alınması”, “Kibercinayətkarlığa qarşı mübarizə” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirici tədbirlər keçirilmişdir.
Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin məsul əməkdaşları və Ailə Sağlamlıq Mərkəzinin həkimi çıxış etmişlər.
Mövzularla bağlı çıxış edən natiqlər vurğulamışdır ki, tədbirin məqsədi ölkədə aparılan anti-narkotik təbliğatın daha da gücləndirilməsi, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin və onun tələblərinin izah edilməsi, o cümlədən narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə ətraflı məlumat verməkdən ibarətdir. Ölkəmizdə də bu istiqamətdə mühüm işlər görülmüşdür. Bununla yanaşı, narkomaniyaya qarşı sistemli mübarizəni təmin etmək məqsədilə dövlət başçısının sərəncamları ilə təsdiq olunan narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizəyə dair Dövlət proqramları həyata keçirilmişdir. Narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində təşkilati-hüquqi, institusional və digər tədbirlər həyata keçirilməkdədir..
Eyni zamanda qeyd edilmişdir ki, kibercinayətkarlığın qarşısının alınması, bu sahədə profilaktik, habelə digər təşkilatı-hüquqi mexanizmlərin müəyyən olunması istiqamətində ölkəmizdə kompleks işlər görülərək, bu cinayətlə mübarizə tədbirlərini əhatə edən normativ-hüquqi aktlar, Dövlət Proqramları, xüsusi layihələr qəbul edilməklə və icra olunmaqla digər sahəvi qanunvericilik normalarının inkişafına dövlətimiz tərəfindən əlavə dəstək verilir, müvafiq qurumlar tərəfindən maarifləndirici fəaliyyət həyata keçirilir.
Əlavə olaraq bildirildi ki, cəmiyyətimizi narahat edən məsələlərdən biri də erkən nikah hallarının baş verməsidir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin müxtəlif risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur.
Tədbir zamanı videoçarx nümayiş olunmuş, verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzu ətrafında açıq dialoq, izahat işləri aparılmışdır.