Pirallahı rayonunda növbəti səyyar qəbul keçirililib
Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov sakinlərlə 22 aprel 2022-ci il tarixində 168 nömrəli tam orta məktəbin akt zalında səyyar qəbul keçirib. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Vasif İmanov ilk öncə görüş iştirakçılarını salamlayaraq, müsəlmanları müqəddəs Ramazan ayı, pravoslavları Pasxa Bayramı münasibətilə ürəkdən təbrik etdi.
Qeyd edildi ki, xalqımız bu günlərdə çox əlamətdar tarixi hadisələrə şahidlik edir. Belə ki, 22 Aprel 2022-ci il tarixində Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayı baş tutmuşdur. 65-dən çox ölkədən 600-dən çox soydaşımız Zəfər Qurultayında iştirak etmişdir. “Şuşa ili”ndə Cənab Prezidentin rəhbərliyi ilə Şuşada Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi hər bir soydaşımıza fəxarət və qürur hissi yaşatdı. Diqqətə çatdırıldı ki, işğaldan azad olunan ərazilərin bərpası dövlət siyasətinin prioritet istiqamətlərdən biridir. Aprelin 21-də ölkə başçısı Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri, Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin inşası, Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə tanış olub. İşğaldan azad olunan ərazilərdə intensiv abadlıq-quruculuq işləri aparılır. Azərbaycan özünəməxsus quruculuq kursu ilə müasir şəhərsalma üsulları olan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edir. Bu ərazilərdə ümumilikdə 9 su anbarı tikilir və ya təmir olunur. Qarabağın zəngin su ehtiyatlarının düzgün və səmərəli idarə olunması bütövlükdə regionun iqtisadi inkişafını sürətləndirəcək.
Çıxış zamanı natiq qeyd etdi ki, 20 aprel 2022-ci il tarixində Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə gəlib. Səfər zamanı Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun və digər sənədlərin imzalanması ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Rəsmi Bişkek Qoşulmama Hərəkatında Azərbaycanın sədrlik müddətinin uzadılmasında əhəmiyyətli rol oynayır. Dövlətlərimiz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində də həmişə bir-birinə dəstək verirlər. Dövlət başçısı həm də Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəklədiyinə görə Qırğızıstana təşəkkürünü bildirdi.
Vasif İmanov diqqətə çatdırdı ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların gəlirlərinin artırılması dövlətimizin siyasətində önəmli yer tutur və ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl işlər görülüb.
RİH başçısı eyni zamanda Pirallahı rayonunda aparılan abadlıq-quruculuq işləri haqqında məlumat vermiş, sonra sakinləri maraqlandıran məsələlər müzakirə olunmuş, müraciətlər cavablandırılmış, araşdırılması vaxt tələb edən məsələlər nəzarətə götürülmüş və həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbul zamanı vətəndaşlar əsasən məhəllədaxili yollara asfalt örtüyün döşənməsi, işlə təmin olunma, evlərinin sənədləşməsi və digər məsələlərlə bağlı müraciət etdilər.