Pirallahı rayonunda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilmişdir
20 noyabr 2026 | 10:13
Bakı Şəhər İcra Hakimiyyətinin və Bakı şəhəri Pirallahı Rayon İH-nin birgə təşkilatçılığı ilə Pirallahı rayonu üzrə 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilmişdir. Müşavirədə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Anar Tağıyev, Şəhər təsərrüfatı və mənzil fondunun uçotu şöbəsinin müdiri Məmməd Qasımov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin sədri Rəfail Mehralıyev, Pirallahı rayon İH-nin məsul əməkdaşları, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri, sahibkarlıq və ticarət subyektlərinin nümayəndələri iştirak etmişdir. Müşavirə zamanı rayon təsərrüfatının 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar müzakirələr aparılmış, qış aylarında İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, eləcə də idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə toxunulmuşdur. Müşavirə zamanı qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində rayonun təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı diqqətə çatdırılmış, hər hansı ciddi hal yaranarsa, onun dərhal aradan qaldırılması məqsədi ilə operativ tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilmişdir.
Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da həyata keçirilən layihələrdən, abadlıq-quruculuq işlərindən, əhalinin rifah halının yüksəldilməsi istiqamətində atılan addımlardan, həmçinin 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon təsərrüfatında görülən işlərin icra vəziyyəti və qarşıda duran vəzifələr haqqında geniş məlumat vermişdir. 2026-2027-ci illəri əhatə edən payız-qış mövsümünün hazırlığına nəzarəti gücləndirmək məqsədilə Tədbirlər Planı təsdiq olunmuşdur. Təsdiq olunmuş Tədbirlər Planında əsas və köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilmiş, rayon MKTB-nin tabeliyində olan xüsusi texnikaların saz vəziyyətə gətirilməsi, inventar, duz tədarükünün edilməsi də öz əksini tapmışdır.
Müşavirədə Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Həsən Cəfərzadənin məruzəsi dinlənilmiş, qış mövsümünə hazırlıq çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı və mənzil fondunun uçotu şöbəsinin müdiri Məmməd Qasımov, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Anar Tağıyev öz çıxışlarında 2026-2027-cı illərin qış mövsümünə hazırlığın vəziyyəti və görüləcək işlər barədə verilən tapşırıqlarla əlaqədar zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulamışdılar.
Müşavirənin sonunda vətəndaşları maraqlandıran suallar dinlənilmiş, qaldırılan məsələlərlə bağlı müvafiq izahatlar verilmişdir.






