Pirallahı rayonunda Polis Günü qeyd edildi
01 iyul 2023 | 15:20
01 iyul 2023-cü il tarixində Pirallahı rayon Polis İdarəsinin inzibati binasında 2 iyul - Polis günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Pirallahı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cümşüd İsmayılov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Rayon Polis İdarəsinin kollektivi iştirak etdilər.
Tədbir Ulu öndər Heydər Əliyevin büstü önünə gül qoyma mərasimi ilə başlamışdır.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Pirallahı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cümşüd İsmayılov polis əməkdaşlarını 2 iyul-Polis günü münasibətilə təbrik edərək Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışaraq bildirmişdir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. Pirallahı rayonunda ictimai-siyasi sabitliyin, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində Rayon Polis Şöbəsinin şəxsi heyətinin rolu xüsusi qeyd edildi.
Sonra Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun təbriki diqqətə çatdırıldı.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov çıxış edərək Rayon Polis İdarəsinin bütün şəxsi heyətini Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı cənab Vasif İmanovun adından təbrik edərək onlara çətin və şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı. Rayonumuzda “Heydər Əliyev ili” çərçivəsində Tədbirlər Planına əsasən silsilə tədbirlər həyata keçirilir. 1918-ci il 2 iyul tarixində yaranan Azərbaycan Polisi bu il 105-ci ildönümünü qeyd edir. 1918-ci il may ayının 28-də müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradıldı və bu gün hüquq-mühafizə orqanlarının fəaliyyətlərini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurması, peşəkarlıq səviyyəsinin artırılması, ixtisaslı və geniş dünyagörüşü gənc kadrların hazırlanması kimi üzərilərinə düşən əsas vəzifələri layiqincə yerinə yetirməsi nəticəsində Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir. V.Səfixanov Ümummilli lider Heydər Əliyevin Daxili İşlər Orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında müstəsna rolu haqqında danışaraq bildirdi ki, qanun keşikçiləri hər zaman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Ulu öndər Heydər Əliyevin ideyalarına ən çətin məqamlarda sadiq olan Azərbaycan polisi bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ağır, məsuliyyətli və həm də şərəfli vəzifələrinin öhdəsindən bacarıqla gəlir, dövlət başçısının onlara göstərdiyi qayğı və etimadı vicdanlı və layiqli xidmətləri ilə doğruldurlar.
Tədbirin sonunda ictimai asayişin təmin olunmasında fərqlənən bir qrup polis əməkdaşına Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edildi.