Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Sağlam gənclik naminə narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirildi

15 aprel 2025 | 16:14
      15 aprel 2025-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 168 nömrəli tam orta məktəbdə “Sağlam gənclik naminə narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, psixoloq Şəbnəm Orucova, Rayon Polis İdarəsinin məsul əməkdaşı Nurlan Hüseynov və Ailə Sağlamlıq Mərkəzinin həkim-pediatrı Meyransa Ağayeva iştirak etdilər.
      Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov iştirakçıları salamlayaraq belə tədbirlərin mühüm əhəmiyyət daşıdığını vurğuladı. O bildirdi ki, narkomaniya ilə mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, cəmiyyətin bütün təbəqələrinin, xüsusilə də ailələrin, təhsil müəssisələrinin və ictimai təşkilatların üzərinə düşən ümummilli vəzifədir. V.Səfixanov qeyd etdi ki, bu təhlükəli vərdişə qarşı mübarizə kompleks və ardıcıl şəkildə aparılmalıdır. Əlavə edildi ki, narkomaniya təkcə fərdi deyil, bütöv ailələri və gələcək nəsilləri sarsıdan sosial bəladır. Sağlam gələcək qurmaq istəyiriksə, ilk növbədə sağlam düşüncəli, savadlı və məsuliyyətli gəncliyə sahib olmalıyıq. Natiq həmçinin qeyd etdi ki, narkotik vasitələrin yayılması və istifadəsinin qarşısının alınması məqsədilə Pirallahı rayonunda mühüm institusional mexanizmlər formalaşdırılıb. Bunlara 2014-cü il 25 dekabr tarixli sərəncamla yaradılmış “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası”, 2015-ci il 19 yanvar tarixli sərəncamla təsis edilmiş “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya” daxildir. O əlavə etdi ki, gənclərin bu təhlükədən qorunması üçün dövlətin yanaşması ardıcıl və qətiyyətlidir. Bu sahədə Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul olunan strategiyalar, fəaliyyət planları və dövlət proqramları birbaşa gənclərin rifahına və təhlükəsizliyinə xidmət edir. Ancaq dövlətin atdığı addımlarla yanaşı, hər bir valideynin, müəllimin və gəncin üzərinə məsuliyyət düşür. Gəlin bu məsuliyyəti birlikdə daşıyaq, çünki sağlam gələcək – sağlam düşüncədən başlayır.
       Daha sonra çıxış edən psixoloq Şəbnəm Orucova yeniyetmələr arasında narkomaniyanın yaranma səbəbləri və psixoloji risk amilləri barədə danışdı. O qeyd etdi ki, ailədaxili münasibətlər, gənclərin tənhalığı və sosial dəstəyin çatışmazlığı bu kimi zərərli vərdişlərin yayılmasında mühüm rol oynayır. Valideynlərin uşaqları ilə daha sıx ünsiyyət qurması və onların emosional ehtiyaclarına diqqət yetirməsi vacibdir.
       Rayon Polis İdarəsinin əməkdaşı Nurlan Hüseynov isə narkotik vasitələrin qanunsuz dövriyyəsi və buna görə tətbiq edilən hüquqi məsuliyyət barədə iştirakçılara ətraflı məlumat verdi. O qeyd etdi ki, bu maddələrin istifadəsi insanın sağlamlığı ilə yanaşı, onun gələcəyini də təhlükə altına alır və hüquqi nəticələrə səbəb olur.
       Tədbirdə çıxış edən həkim-pediatr Meyransa Ağayeva narkotik maddələrin insan orqanizminə, xüsusilə də yeniyetmə və gənclərin inkişafda olan bədəninə vurduğu ciddi zərərlərdən danışdı. O bildirdi ki, bu maddələr yalnız psixoloji deyil, həm də fiziki asılılıq yaradır, beyində geridönməz dəyişikliklərə səbəb olur və bəzən həyatla vidalaşmaqla nəticələnə bilir.
        Tədbirin sonunda şagirdlər tədbir iştirakçılarına onları maraqlandıran suallar ünvanladılar. Suallar ətraflı cavablandırıldı və iştirakçılarla xatirə şəkli çəkdirildi.
Keçidlər