Pirallahı rayonunda “Sağlam Həyat” layihəsinin müzakirəsi keçirilib
27 yanvar 2023 | 08:41
Ölkəmizdə əhalinin sağlamlığının qorunması və gənclərin sağlam ruhda tərbiyə olunması və idmanın kütləviliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Sağlam Həyat” Əsasnaməsi təsdiq edilmişdir. Layihə könüllülük, hər kəsə uyğunluq, sağlam həyat tərzinin aşılanması, tibbi nəzarət prinsiplərinə əsaslanır. Layihənin əsas məqsədi müxtəlif yaş qruplarına aid insanların mütəmadi bədən tərbiyəsi və idman məşğələlərinə şüurlu tələbatının formalaşdırılması və uşaq, yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi, onlara sağlam həyat tərzinin aşılanmasıdır.
26 yanvar 2023-cü il tarixində Pirallahı Rayon İcra Hakimiyyətində “Sağlam Həyat Əsasnaməsi”nin müddəalarından irəli gələn məsələlərin müzakirəsi məqsədilə rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin, idman sahəsində çalışan mütəxəssislərin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Tədbirdə rayon əhalisi arasında idmanın kütləviliyinin artırılmasının zəruriliyi qeyd edilmiş və bu məqsədlə layihənin geniş əhali kütləsinə çatdırılmasının vacibliyi vurğulanmışdır. Layihənin normativ tələblərinə uyğun olaraq müxtəlif yaş qrupları üzrə müəssisədaxili, rayon və respublika birinciliyinə hazırlıq yarışların keçirilməsi, iştirakçı vəsiqələrinin vaxtında hazırlanması və s məsələlərlə bağlı müvafiq tapşırıqlar verilmişdir.