Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Şanlı Bayrağım” adlı bədii qiraət müsabiqəsi keçirilib

02 noyabr 2023 | 15:12
       2 noyabr 2023-cü il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Pirallahı Gənclər Mərkəzində "9 Noyabr - Dövlət Bayrağı Günü"nə həsr olunmuş “Şanlı Bayrağım” adlı bədii qiraət müsabiqəsi keçirildi.Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Bakı şəhər Gənclər və İdman İdarəsi Pirallahı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vüqar Əliyev və rayon ərazisində fəaliyyət göstərən təhsil və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edirdi.
       Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və Ümummilli Lider Heydər Əliyevin və  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edən natiqlər bildirdilər ki,  bu gün Azərbaycan Respublikasının başı üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız - milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır. Müstəqillik illərində üçrəngli milli bayrağımızı ilk olaraq Vətənimizin başı üzərində ulu öndərimiz Heydər Əliyev dalğalandırmışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin Ümummilli Liderin sədrliyi ilə keçirilən sessiyası Muxtar Respublikada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərar qəbul etmişdir. Həmin sessiyada Naxçıvan MSSR-in adından «sovet, sosialist» sözləri çıxarıldı. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri- bayrağı, gerbi, himni bərpa olundu. Milli istiqlal ideologiyamızın təməl prinsiplərindən olan «Türkçülük, müasirlik, islamçılıq» rəmzlərini təsvir olunan rənglərində yaşadan, Azərbaycanın varlığının, milli kimliyimizin təsdiqi olan bayrağımız ən mötəbər beynəlxalq təşkilatlarda qürurla dalğalanır.  Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə 17 noyabr 2009-cu il tarixli, 595 nömrəli Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. 
     Tədbirdə qeyd edildi ki, müsabiqə 11-14 və 15-17 yaş kateqoriyaları üzrə keçirlir. Müsabiqənin keçirilməsində əsas məqsəd gənclərə vətənpərvərlik ruhunu aşılamaq, onlarda vətənə, bayrağa, torpağa, millətə sədaqət və məhəbbət hissini daha da qüvvətləndirməkdən ibarətdir.
     Müsabiqənin sonunda yaş qrupları üzrə birinci, ikinci və üçüncü yerlərin qalibləri Bakı şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilmişdir.
Keçidlər