Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində abadlıq-quruculuq işləri davam edir

17 mart 2026 | 17:37
       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış müvafiq Sərəncama əsasən 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması respublikamızın bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Bu təşəbbüs ölkəmizdə müasir şəhərsalma prinsiplərinin tətbiqinə, yaşayış məntəqələrinin infrastrukturunun yenilənməsinə, memarlıq mühitinin daha da təkmilləşdirilməsinə və insanların rahat, təhlükəsiz yaşayış şəraitinin təmin edilməsinə xidmət edən mühüm dövlət siyasətinin tərkib hissəsidir. Sözügedən Sərəncamdan irəli gələn vəzifələrin ardıcıl və səmərəli icrasını təmin etmək məqsədilə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi Tədbirlər Planı hazırlanaraq təsdiq edilmişdir. Həmin plana uyğun olaraq rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir, mövcud infrastruktur yenilənir, yaşıllıq sahələri genişləndirilir, küçə və yolların estetik görünüşünün yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.
       “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Pirallahı rayonunda həyata keçirilən tədbirlərdən biri də küçə və magistral yolların işıqlandırma sistemlərinin yenilənməsidir. Belə ki, Pirallahı qəsəbəsinin S.Vurğun küçəsində, həmçinin Gürgən qəsəbəsi ərazisindən keçən Qala–Pirallahı magistral yolunda qəzalı vəziyyətdə olan köhnə işıq dirəklərinin sökülərək onların yerində yeni, müasir və enerji baxımından daha səmərəli işıq dirəklərinin quraşdırılması işləri həyata keçirilir. Müasir standartlara uyğun quraşdırılan bu işıqlandırma sistemi gecə saatlarında yolların daha yaxşı işıqlandırılmasını təmin etməklə yanaşı, həm də yol hərəkətinin təhlükəsizliyinin artırılmasına, piyadaların rahat hərəkətinə və ərazinin ümumi estetik görünüşünün yaxşılaşdırılmasına xidmət edir. Qeyd etmək lazımdır ki, həyata keçirilən bu işlər mərhələli şəkildə həyata keçiriləcək və qəsəbələrinin bütün əsas küçə və yollarını əhatə edəcəkdir.
    Rayon ərazisində magistral və qəsəbədaxili yolların, eləcə də səkilərin təmiri və yenidən qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, Pirallahı və Gürgən qəsəbələrində mövcud küçələrə 600 kv. metrdən çox asfalt-beton örtüyü çəkilmiş və bəzi hissələrə 300 kub metrdən çox karbonat materialı verilərək qruntun möhkəmləndiriməsi işləri aparılmışdır.
       Həyata keçirilən bu genişmiqyaslı abadlıq-quruculuq işləri Pirallahı rayonunun memarlıq simasının daha da gözəlləşdirilməsinə, yaşayış məntəqələrinin müasir şəhərsalma prinsiplərinə uyğun inkişafına və sakinlər üçün daha rahat, təhlükəsiz və estetik yaşayış mühitinin formalaşdırılmasına xidmət edir. Bu istiqamətdə görülən tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Keçidlər