Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda şəhid ailələri ziyarət olunub

28 avqust 2026 | 15:33
       28 Avqust 2026-cı il tarixdə Pirallahı rayonunda şəhid ailələri ziyarət olunub. Ziyarətdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova və RİH başçısı Aparatının bir sıra əməkdaşları iştirak ediblər.
        İlk olaraq Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin anası Çiçək Biləndərlinin doğum günü münasibətilə şəhid anası ziyarət olunub. Görüş zamanı Rayon İcra Hakimiyyəti başçısının səmimi təbrikləri şəhid anasına çatdırılıb, ona möhkəm cansağlığı, uzun ömür və firavan həyat arzulanıb. Bildirilib ki, Elmar Nəbiyevin timsalında şəhidlərimizin Vətən uğrunda göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Onun müqəddəs amal uğrunda şəhid olması, eyni zamanda, bir ana olaraq Çiçək Biləndərlinin göstərdiyi fədakarlıq Vətənə bağlılığın yüksək nümunəsidir. Görüşdə həmçinin vurğulanıb ki, şəhid ailələrinə ehtiram və qayğı göstərmək xalqımızın milli-mənəvi dəyərlərindən irəli gələn müqəddəs məsuliyyətdir. O da qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biri Vətən uğrunda canından keçmiş şəhidlərin ailələrinin sosial rifahının təmin edilməsi, onların problemlərinin həllinə və müraciətlərinə həssas yanaşılmasıdır.
       Daha sonra yeni tədris ilinin başlanması ilə əlaqədar Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən bir günlük antiterror əməliyyatlarında şəhid olan Tural Cahangirovun ailəsi ziyarət olunub. Ziyarət zamanı əməkdaşlar şəhidin övladları Fərid Cahangirov və Fatimə Cahangirovanı yeni tədris ilinin başlanması münasibətilə öncədən təbrik ediblər. Şəhid övladlarına “YAŞAT” Fondu və Rayon İcra Hakimiyyəti adından təhsil müddətində lazım olacaq məktəb ləvazimatlarından ibarət bağlamalar təqdim edilib. Ziyarət zamanı şəhid Tural Cahangirovun Vətən qarşısındakı xidmətləri və əziz xatirəsi ehtiramla yad edilib. Bildirilib ki, şəhidlərimizin övladlarının təhsilinə və gələcəyinə göstərilən diqqət bundan sonra da davam etdiriləcək. Onlara yeni dərs ilində uğurlar, yüksək nailiyyətlər və təhsildə müvəffəqiyyətlər arzulanıb.
       Sonda şəhid ailələri ilə xatirə şəkilləri çəkdirilib.
Keçidlər