Pirallahı rayonunda şəhid Kamil Rzayevin anım mərasimi keçirilib
05 sentyabr 2022-ci il tarixində Pirallahı rayonunda Birinci Qarabağ müharibəsi şəhidi Kamil Manaf oğlu Rzayevin anım mərasimi keçirildi. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul əməkdaşlarının, şəhidin qohumları, sinif yoldaşları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbir şəhidin məzarının ziyarət olunması ilə başladı. Şəhidin Gürgən qəbiristanlığında yerləşən məzarı önünə çiçəklər qoyularaq ruhuna dualar oxundu. Daha sonra Pirallahı qəsəbəsində yerləşən “Vətən uğrunda xatirə Kompleksi”-nin önünə gələn tədbir iştirakçıları şəhidlərimizin abidəsi önündə şəhidin qısa və şərəfli həyat yolundan ətraflı danışdılar. Vətən müharibəsinin iştirakçısı, Pirallahı RİH Aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Süpay Məmmədov çıxış edərək qeyd etdi ki, hər bir şəhidimizin həyat yolu, vətənpərvərliyi, şücaəti gənc nəslin tərbiyəsində bir nümunədir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz tərəfindən bütün şəhidlərimizin qisası alınmış, torpaqlarımız düşmən işğalından azad olmuşdur.
Tədbirin sonunda rayon rəsmiləri və ictimaiyyət nümayəndələri anım mərasimi münasibəti ilə şəhidin ailə üzvlərinə baş sağlığı verdilər. Şəhidin doğmaları və yaxınları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!